Bakı sakini millət vəkili Fəzail İbrahimlidən şikayətçidir.
42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb.
Dörd uşaq atası olduğunu deyən və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib.
Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verib.
Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Xəyal Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, giləmeyvə ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.
X. Əsədov iddia edir ki, həmin şəxs ondan kim olduğunu bildiyini soruşub. O isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir.
"Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə xox gəlirsən mənə? Dövlət vəzifəlisi də olsan, adi vətəndaşsan, yaxınlaşmısan məndən qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm", – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddiasına görə, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib.
"15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım", – deyə Xəyal Əsədov bildirib.
Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın özünü bıçaqla hədələndiyini bildirməsindən sonra məsələ araşdırılıb. Şikayətçinin iddiasına görə, hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib və səhəri gün evə buraxılıb.
Lakin onun sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, hadisə ilə bağlı şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və detalları açıqlamayıb.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin hazırkı deputatı və parlament sədrinin müavinidir.
Mənbə: musavat.com