Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə səfər edənlərə müraciət edib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyri-iş günlərində doğmalarını ziyarət etmək, eləcə də istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə gedənlərin sayında kəskin artım müşahidə olunur.
Bununla bağlı DYP sürücüləri sərxoş halda sükan arxasına əyləşməməyə, avtomobili azyaşlı övladlarına həvalə etməməyə, yaşı 12-dən az olan uşaqları ön oturacaqda daşımamağa, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağa, sürət həddini aşmamağa, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozmamağa çağırır.
“DİN nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbirli və təmkinli olmağı xahiş edir”, - deyə müraciətdə bildirilir.