Nevada məhkəməsi 1996-cı ildə məşhur reper Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinən "Keffe D" ləqəbli 63 yaşlı Dueyn Devisi 40 ildən sonra şərti azadlığa çıxma imkanı olmaqla ömürlük azadlıqdan məhrum edib.
"Associated Press" agentliyinin məlumatına görə, prokuror Mark Dicakomo məhkumun barəsində "həbsxanada öləcəyinə zəmanət verilir" ifadəsini işlədib. Lakin müdafiə tərəfi çıxarılan hökmdən təkrar şikayət etmək niyyətindədir.
Devis Los-Ancelesin "Crips" cinayətkar dəstəsinin başçılarından biri olub. O, reperi şəxsən qətlə yetirməsə də, birinci dərəcəli qətldə təqsirli bilinib. Nevada ştatının qanunvericiliyinə əsasən, cinayətin törədilməsinə köməklik edən şəxs də birbaşa icraçı kimi cəzalandırıla bilər.
Şakurun illərlə üstü açılmayan qətli reperin öz yaradıcılığı qədər Amerika mədəniyyətinə ciddi təsir göstərib və müxtəlif qəsd nəzəriyyələri ilə əhatə olunub.