Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vüsal Əzizovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraat materialına xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu il gecə saat 23:30 radələrində Abşeron rayonu, Digah qəsəbəsində baş verib.
Belə ki, Vüsal Əzizov həmin vaxt yaşadığı fərdi yaşayış evinə arvadının qohumu olan zərərçəkmiş Vasif Nəbiyevi (adı, soyadı şərtidir) dəvət edib.
Görüş zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə son vaxtlar onun arvadı ilə aralarında yaranmış narazı münasibətlərə müdaxilə etməsi və bu məsələyə maraq göstərməsi ilə bağlı iradını bildirib.
Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Daha sonra Vüsal Əzizov evdə masanın üzərində olan boş şüşə fincanı sağ əlinə götürərək Vasif Nəbiyevin baş nahiyəsinə qəsdən zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxsin sağ təpə nahiyəsində cırılmış yara əmələ gəlib.
Hadisədən sonra Vüsal Əzizov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Mənbə: Pravda.az