Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Ağanəbi Əliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxışında bildirib ki, təqsirləndirilən şəxslə zərərçəkən tərəf arasında barışıq olub. O, məhkəmədən təqsirləndirilən şəxsə minimum həddə cəza verilməsini xahiş edib.
Ağanəbi Əliyev son sözündə peşman olduğunu bildirib. O, məhkəmədən xəstəliyinin və yaşının nəzərə alınmasını xahiş edib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Ağanəbi Əliyevə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2025-ci il mayın 7-də paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 66 yaşlı Ağanəbi Əliyev ailədaxili münaqişə zəmnində 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə ittiham olunur. Qətlə yetirilən qadının üç azyaşlı övladı olub.
Ağanəbi Əliyevə Cinayət Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.