Uşaqlıqda yəqin ki, çoxları uçmağı arzulayıb. Elə bir idman növü var ki, bu arzunu heç olmasa qısa müddətə gerçəkləşdirməyə imkan verir. Söhbət qış Olimpiya idman növlərindən biri olan tramplindən xizəklə tullanma idmanından gedir. Bu növdə idmançılar həqiqətən heyrətamiz bacarıqlar nümayiş etdirirlər.
Azərbaycanda bu idman növünün ilk və hələlik yeganə təmsilçisi Zahir Cəfərovdur. Əslən azərbaycanlı olan, Rusiyanın Nijni Novqorod şəhərində anadan olmuş idmançı ötən ildən Azərbaycan millisinin heyətində çıxış edir və qarşısına böyük hədəflər qoyur.
O, İdman.Biz-ə müsahibəsində tramplindən xizəklə tullanmanın xüsusiyyətləri, "uçuş" öncəsi yaşanan qorxu və insanın özünü dəf etməyi öyrənməsi barədə danışıb.
– Tramplindən xizəklə tullanma idmanına necə başlamısınız?
– Səkkiz-doqquz yaşım olardı. Həmin vaxt kəndimizdə məktəbdə oxuyurdum. Bir gün məşqçi sinfimizə gəldi. O, axşamlar uşaqlar üçün məşğələlər təşkil edirdi. Bu, konkret bir idman növü deyildi. Məqsəd uşaqların axşamlar küçədə vaxt keçirmək əvəzinə maraqlı fəaliyyətlə məşğul olmaları idi. Müxtəlif hərəkətlər edirdik: koordinasiya məşqləri, tullanma hərəkətləri, akrobatika və idman oyunları.
Sonradan məlum oldu ki, həmin müəllim əslində tramplindən xizəklə tullanma üzrə məşqçidir. O, axşam məşğələlərinə qatılan uşaqlara bu idman növünü sınamağı təklif etdi. Böyük qardaşımla birlikdə razılaşdıq və bu, çox xoşumuza gəldi. Dərhal maraqlandıq, çünki bizim üçün qeyri-adi və tamamilə yeni bir şey idi.

– İlk "uçuşunuzu" xatırlayırsınız? O zaman hansı hissləri keçirmişdiniz?
– Düzünü desəm, ilk tullanışımı xatırlamaq artıq çətindir. Amma onu deyə bilərəm ki, bu, çox qorxuludur. İnanılmaz dərəcədə qorxuludur. Aşağıda dayananda özünə əmin olursan, ağlına pis fikirlər gəlmir. Ancaq yuxarı qalxıb aşağı baxan kimi hər şey başlayır: yıxılmaq barədə, ağlasığmaz və qeyri-adi şeylər haqqında düşünürsən. Eyni zamanda özünə deyirsən ki, axı hamı tullanır, bütün uşaqlar nə vaxtsa bu mərhələdən keçiblər. Buna görə də risk etməli və naməlumluğa doğru addım atmalısan.
Bu idman növü cəsarət və mərdlik tələb edir. Bir çox idman növünü xüsusi cəsarətə sahib olmadan da sınamaq mümkündür. Amma tramplindən tullanmağa çox az adam cəsarət edir. Məhz həmin an – oturacaqdan ayrılıb aşağı sürüşməyə başladığın vaxt – böyük ölçüdə xarakterini müəyyənləşdirir. Çünki aramızda elə uşaqlar az deyildi ki, tullanmağa heç cür qərar verə bilmədilər. Mən isə bunu etdim.
– Bu qorxu nə vaxtsa tamamilə yox olurmu?
– Bilirsiniz, bir dəfə mənə demişdilər ki, yalnız ağılsız insanlar qorxmurlar. Mən də bununla tam razıyam. İndi də qorxu qalır, sadəcə, artıq arxa plana keçir və demək olar ki, bu barədə düşünmürsən. Xüsusilə yarış dövründə ağlına belə fikirlər gəlmir.
Ancaq mövsümlərarası fasilədə tullanışları dayandırıb yerdə məşqlərə keçəndə, uzun fasilədən sonra ilk dəfə yenidən tramplindən tullanmaq qorxulu olur. Düzdür, bu qorxu uşaqlıqda yaşadığım hisslərdən fərqlənir. Artıq başqa cürdür, daha çox iş prosesinin bir hissəsinə çevrilib.
– Bu idman növündə çəkinin rolu nə qədər böyükdür?
– Çəki çox vacib amildir. Belə bir deyim var: daş uçmur, lələk uçur. Tramplindən tullanma ilə məşğul olan idmançılar üçün əsas məsələ havada mümkün qədər uzun müddət qalmaqdır. Nə qədər çox havada qalsaq, bir o qədər uzağa tullana bilərik. Çəkimiz nə qədər az olarsa, havada qalma müddətimiz də bir o qədər uzun ola bilər.
Amma burada bir məqam var. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qaydalarında idmançının boyu və çəkisindən asılı olaraq xizəklərin uzunluğuna dair tələblər müəyyənləşdirilib. Xizəklər nə qədər uzun olarsa, onların dayaq səthi də bir o qədər böyük olar. Bu isə hava axınında qalmağa və daha uzağa tullanmağa kömək edir. Buna görə də bütün göstəricilər fərdi qaydada hesablanır.
Yəni, məsələn, çəkisi 50 kiloqram olan idmançı sadəcə üç metr uzunluğunda xizək götürüb istifadə edə bilməz. FIS-in müəyyən etdiyi standartlar var və idmançılar diskvalifikasiyadan yayınmaq üçün bu qaydalara əməl etməlidirlər.
– Azərbaycanı təmsil etməyə çoxdan başlamamısınız. Bu qərarı necə verdiniz?
– Bu arzu dünən yaranmayıb. Hələ 11 yaşımda Azərbaycanı təmsil etmək istəyirdim. Bilirdim ki, ölkəmizdə bu idman növü ilə məşğul olan idmançı yoxdur. Böyük qardaşımla uşaqlıqdan ortaq bir arzumuz vardı: Azərbaycan bayrağı altında çıxış etmək.
Bu istiqamətdə fəaliyyətsiz qalmadıq, çox qapılar döydük, əlaqələr qurmağa çalışdıq. Nijni Novqorodda yüksək vəzifələrdə çalışan müxtəlif şəxslərlə görüşürdük. Özümüz, nailiyyətlərimiz barədə danışırdıq. Həmin vaxt artıq Rusiya birinciliklərinin və ümumrusiya səviyyəli yeniyetmə yarışlarının mükafatçıları və qalibləri idik.
Yəni Azərbaycanı təmsil etmək istəyimiz çoxdan var idi. Təəssüf ki, o vaxt heç bir cavab ala bilmədik. Buna görə də mövcud imkanlarımıza – məşqlərə və Rusiyanın müxtəlif bölgələrində keçirilən yarışlarda iştirak etməyə diqqət yetirməli olduq.
Ötən il mənə zəng edib Azərbaycan millisinin heyətində Olimpiya Oyunlarında çıxış etməyimi istədiklərini deyəndə çox sevindim. Bilirsiniz, bu, sanki gerçəkləşməmiş uşaqlıq arzumun yenidən canlanması idi. İçimdə həmişə yanan o arzu sönməmişdi, sadəcə, onu bir qədər arxa plana keçirmişdim. Başqa ölkənin bayrağı altında çıxış etməyə davam edirdim. Amma Azərbaycanı təmsil etmək istəyim heç vaxt yox olmadı. Buna görə də mənə belə bir imkan yaradılacağı deyiləndə, əlbəttə, çox sevindim.

– Bu qərar karyeranıza necə təsir göstərdi?
– Hazırda ən güclü idmançılarla birlikdə yarışmaq və məşq etmək, təcrübə toplamaq imkanım var. Əvvəllər yüksək səviyyəli idmançılarla yarışlarda iştirak təcrübəm az idi. İndi isə bu boşluğu doldurmağa çalışıram.
– Azərbaycanda tramplindən xizəklə tullanma ilə məşğul olmaq üçün hələlik lazımi şərait yoxdur. Sizcə, bu idman növü üçün infrastrukturun yaradılması nə dərəcədə vacibdir və işə nədən başlamaq olar?
– Bu barədə tez-tez düşünürəm və lazımi infrastrukturun yaradılmasının nə qədər baha və çətin olduğunu yaxşı anlayıram. Əsas məsələ tramplinlərin tikilməsidir. Bunlar çox bahalı qurğulardır və onların tikintisinə on milyonlarla manat vəsait tələb oluna bilər.
Amma çox istərdim ki, Azərbaycanda uşaqlar üçün heç olmasa kiçik tramplinlər tikilsin. Bunun üçün mütləq K-90 və K-120 kimi Olimpiya səviyyəli qurğular inşa etmək lazım deyil. K-15, K-30 və K-50 tipli tramplinlər də tikmək olar. Bu üç qurğu uşaqları tramplindən xizəklə tullanma idmanına cəlb etmək və onların inkişafına şərait yaratmaq üçün kifayət edərdi.
Düşünürəm ki, uşaqlar bu idman növünü sınamağa böyük maraq göstərərdilər. Xüsusilə də qış idman növlərinin ümumilikdə az tanındığı Azərbaycanda. Tramplindən tullanma qeyri-adi, ilk baxışdan isə ekstremal görünən idman növüdür. Bu, həm uşaqların, həm də onların valideynlərinin marağına səbəb ola bilər. Bu ideyanı həyata keçirmək və kiçik addımlarla başlamaq mümkündür.
– Yeri gəlmişkən, tramplindən xizəklə tullanma üzrə Azərbaycanın yeganə təmsilçisi kimi deyə bilərsinizmi, bu idman növü uşaqlara nə qazandırır?
– Məsələ təkcə tramplinlərdə və bu idman növünün bəxş etdiyi həyəcanlı hisslərdə deyil. Burada uşaqların hərtərəfli inkişafı da mühüm rol oynayır. Akrobatika və texniki bacarıqlarla yanaşı, tullanma qabiliyyəti, psixoloji dayanıqlılıq, fiziki keyfiyyətlər və iradə də inkişaf edir. Ümumilikdə, tramplindən tullanma ilə məşğul olan idmançılar hərtərəfli inkişaf etmiş və güclü iradəyə sahib olurlar.
Bu, fərdi idman növüdür və çox şey yalnız səndən asılıdır. Burada insan özünü, qorxularını və güclü emosiyalarını dəf etməyi öyrənir. Bu hisslərin öhdəsindən gəlməyi bacaranda, start xəttinə çıxıb tullanışını yerinə yetirəndə həmin təcrübə şəxsiyyət kimi formalaşmağına da böyük kömək edir.
İnsanda müstəqil düşüncə və iradə formalaşır. Başa düşürsən ki, özün irəliyə doğru addım atmasan, heç kim sənin əvəzinə bunu etməyəcək. Tədricən qorxunun öhdəsindən gəlməyi öyrənirsən və o, sənə əvvəlki qədər təsir göstərmir. Bu idman növündə vəziyyəti nəzarətdə saxlamaq çox vacibdir. Əks halda, uğur qazanmaq mümkün deyil.
Emosiyalara qapılsan, zərər görə bilərsən. Buna görə də bizi kiçik yaşlardan özümüzü idarə etməyə və keçirdiyimiz hisslərin öhdəsindən gəlməyə öyrədirlər. Zaman keçdikcə bu, vərdişə çevrilir. Adi həyatda da insanlar davranışlarını müşahidə edəndə bəzən onlara qəribə görünürsən. Niyə qorxmadığını soruşurlar. Amma məsələ qorxu hiss etməməkdə deyil, ona fərqli reaksiya verməkdədir. Sadəcə, vəziyyətə daha peşəkar yanaşırsan.

– Bu idman növünün hələ geniş yayılmadığı ölkəmiz üçün hətta kiçik uğurların da böyük əhəmiyyəti var. İndiyədək qazandığınız nailiyyətlər arasında sizin üçün ən dəyərlisi hansıdır?
– Hazırda mənim üçün ən dəyərli nəticə xal qazanaraq FIS-in Kontinental Kuboku səviyyəsinə yüksəlməyimdir. Hesab edirəm ki, bu, həm mənim, həm də ölkəmiz üçün vacib nailiyyətdir. Bu nəticə görülən işin bəhrəsini, perspektivlərimizi və imkanlarımızı göstərir. Üstəlik, bu, son hədd deyil.
– Hazırda hansı yarışlara hazırlaşırsınız?
– 2027-ci ilin əvvəlində İsveçin Falun şəhərində keçiriləcək dünya çempionatı mühüm yarışlardan biridir. Bu yarışın ölkəm üçün nə qədər əhəmiyyətli olduğunu anlayıram. Orada iştirak etmək həm mənim, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyacaq.
Bununla yanaşı, mənim üçün hər bir yarış vacibdir, hətta miqyasına görə daha kiçik olanlar da. Hesab edirəm ki, hər gün, hər məşqdə və hər yarışda əlimdən gələnin ən yaxşısını etməliyəm.