Xaçmazda 10 yaşlı oğlana qarşı zorakılıq hərəkətləri edilib.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Novruz Nəcəfov (ad şərtidir) 1992-ci ildə Xaçmaz rayonunda doğulub. O, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ötən ilin 29 iyun tarixində 10 yaşlı həmkəndlisi Aqil Əsədova (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Azyaşlını gilas vermək adı ilə aldadaraq mərhum nənəsinin Ağçay kəndində yerləşən evinə aparıb və orada qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bununla da Novruz Nəcəfov Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib:
“Aqilgilin ailəsi ilə qonşuyuq. Onlarla düşmənçiliyimiz olub. Bir neçə ay əvvəl həbsdən çıxmışam. Türməyə düşməyimə səbəb Aqilin babası olub. Ona görə onlardan qisas almaq məqsədi ilə evlərindən oğurluq etmək qərarına gəldim. Aqilin atası mənim əmimlə birlikdə narkotik vasitə əkib-becərirdilər. Hətta buna görə həbsə də düşüblər.
Hadisə günü gilas vermək üçün Aqili nənəmdən qalan evə apardım. Yolda gedərkən ondan evdəki qızılların yerini soruşdum. Mənə demədiyi üçün qulağını çəkib, evə göndərdim. Onun dediyi hər şey yalandır. Mən qonşumun oğluna qarşı seksual xarakterli heç bir hərəkət etməmişəm”.
Daha sonra məhkəmədə zərərçəkmiş Aqil Əsədov ifadə verib:
“Novruz bizə gəlib məni gilas yığmaq adı ilə nənəsindən qalan evə apardı. Ətrafda heç kim yox idi. Evin ikinci mərtəbəsinə qaldırıb paltarımı soyundurdu. Onun dediklərinə əməl etməsəm, məni öldürəcəyi ilə hədələdi. Məcbur cinsi əlaqədə oldu. Ağrı hiss etsəm də, qorxumdan səsimi çıxarmadım. Daha sonra Novruza zəng gəldiyi üçün mənə “evinizə get” dedi. Məndən pul və ya qızıl barədə heç nə soruşmayıb. Əksinə, “sənin xalan qızı Gülzardan xoşum gəlir, onun nömrəsin tap, mənə ver” demişdi”.
Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Novruz Nəcəfovu cinayət üzrə təqsirli bilib.
Məhkəmənin qərarı ilə Novruz Nəcəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Fidan İlqar