1918-ci il mayın 26-da Zaqafqaziya Seymi dağıldı, Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 28-də Tiflisdə Azərbaycanın milli-demokratik qüvvələri Azərbaycanın müstəqilliyini elan edərək, 6 maddədən ibarət İstiqlal Bəyannaməsini qəbul etdilər. Beləliklə, müsəlman Şərqinin ilk Cümhuriyyəti olan bu dövlət qısa zaman kəsiyində bir çox uğurlar əldə etdi. Lakin Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsi və beynəlxalq hüququn subyektinə çevrilməsi bəzi qonşu dövlətləri rahat buraxmırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdan ibarətdir. Cümhuriyyətin Xarici İşlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanın müstəqilliyini (defakto) tanıdı. Bu hadisə Sovet Rusiyasının Azərbaycana qarşı müdaxilə planını sürətləndirdi.
1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri Azərbaycan xalqının qatı düşməni A.Mikoyan idi. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Primov və Zaxaryan Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. 1920-ci ilin Novruz bayramı günlərində Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu üçün ölkənin şimal sərhədləri müdafiəsiz qaldı. Daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırtmaq üçün milli ordu hissələri təcili Bakıdan və Dağıstan sərhədlərindən Qarabağın dağlıq hissələrinə gətirilməyə başladı.
105 il əvvəl, bu gün, yəni 28 aprel tarixində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi. Bolşevik ordusunun Azərbaycana təcavüzü nəticəsində çevriliş oldu, hakimiyyət dəyişdirildi, bolşeviklər hakimiyyətə gətirildilər, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. 1918-ci ilin 28 may tarixində qurulan respublika cəmi 23 ay yaşadı. Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü.
Cümhuriyyəti devirmək və Azərbaycanı işğal edərək Sovet hakimiyyəti qurmaq üçün XI Qızıl Ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycan bolşevikləri ilə ittifaq quraraq hücuma keçdilər. Bakının işğalı ilə bağlı planı Qafqaz cəbhəsinin komandiri Mixail Tuxaçevski və Hərbi İnqilab Şuranın üzvü Serqo Orconikidze tərəfindən hazırlanmışdı. Aprel ayında Şimali Qafqazdakı Könüllü ordu məğlub edildi və Qızıl Ordu Azərbaycan sərhədinə yaxınlaşdı. Yerli bolşeviklər isə 26-27 aprel tarixlərində artıq silahlı üsyana hazırlaşmışdılar. Bakıda baş verən üsyanla paralel olaraq, bir sıra sovet zirehli qatarları Azərbaycanla sərhədi keçdi.
Bolşeviklər Bakıda əsas obyektlərə nəzarəti təmin etdikdən sonra hakimiyyətin təhvil verilməsi barədə Azərbaycan hökumətinə və parlamentinə ultimatum verdi. Parlament toplaşaraq, hakimiyyəti təhvil verməyi səsə qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi.
Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 27-28-də Azərbaycanı işğal etdilər.
Hələ aprel ayının 26-da Azərbaycan ordusunun 300-ə yaxın əsgəri Yalama stansiyası yaxınlarında sərhədlərimizi pozaraq irəliləyən XI Qırmızı Ordunun zirehli qatarının qarşısını kəsərək düşmənə silahlı müqavimət göstərib və qeyri-bərabər döyüşdə bu adsız qəhrəmanlarımızın hamısı şəhid olub. Qırmızı terrorun ilk qurbanı Bakının general-qubernatoru Murad Gəray Tlexas başqalarına ibrət olsun deyə qəfəsin içində Bakının küçələrini gəzdirilərək, qondarma hərbi bolşevik trubunalının qərarı ilə güllənləndi.
Ardınca muzdlu qatillər tərəfindən milli hökumətin baş nazirləri olmuş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev və başqa yüzlərlə dəyərli soydaşımız qətlə yetirildi. Bolşeviklərə qarşı Gəncədə, Zaqatalada Şəkidə Naxçıvanda və digər bölgələrdə 150-ə yaxın baş vermiş üsyanlar da bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmamış və müstəqillik uğrunda mübarizəsini davam etdirib.
Sənədlərdən məlum olur ki, təkcə, 1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olub.
1920-ci aprelin sonu-mayın ortalarında Azərbaycanda Cümhuriyyət dövründə qazanılan bütün uğurlara son qoyuldu. 70 illik sovet dönəminin ilk günlərində dövlət bayrağından tutmuş dövlət himninə qədər hər şeyə qadağalar qoyuldu. 30-cu illərdə milli düşüncəli ziyalılar repressiyaya məruz qaldılar. Min illər boyu ibadət etdiyi dini dəyərlər qadağan edildi, məscidlər dağıdıldı. Nəhayət, 1991-ci ildə SSRİ adlanan nəhəng imperiya süqut etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa edərək, özünü Cümhuriyyətin siyasi varisi elan etdi.
1920-ci ilin aprel ayının 27-28-də baş verən qanlı işğal günü ölkəmizin tarixində ən faciəvi və ən kədərli günlərindən biri kimi qalmaqdadır.
Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.
View this post on Instagram