Alimlər yaxın gələcəkdə ev heyvanları ilə ünsiyyəti tamamilə yeni səviyyəyə çıxarmağı planlaşdırırlar.
İnsanoid.com 360.ru-ya istinadən xəbər verir ki, siçanlarla uğurlu təcrübələrdən sonra mütəxəssislər itlərin beynini süni intellektə qoşmağın mümkünlüyünü araşdırırlar. Neyrofizioloq Mixail Lebedevin sözlərinə görə, bu texnologiya itlərin sahiblərini yalnız başa düşməsinə deyil, hətta onlarla danışmasına da şərait yaradacaq.
Lebedev bildirib ki, neyrointerfeyslər - beyinə qoşulan və müxtəlif əməliyyatları yerinə yetirən qurğular - həm insanlar, həm də heyvanlar üçün əvəzolunmaz köməkçilərə çevriləcək. O, bu texnologiyalardan qorxmamağa çağıraraq süni intellektin insanlara yalnız fayda verdiyini vurğulayıb.
Hazırda bu texnologiya siçanlar üzərində sınaqdan keçirilir. Elektrik cərəyanı ilə stimullaşdırılan siçanlar müəyyən tapşırıqları yerinə yetirə bilirlər. Alimlərin fikrincə, gələcəkdə bu cür implantlar itlər üçün də faydalı ola bilər, məsələn, iflic zamanı hərəkət qabiliyyətini bərpa etmək üçün.
Texnologiyanın inkişafı ilə bu qurğular daha əlçatan olacaq və ev heyvanları ilə daha dərin ünsiyyət qurmaq istəyən hər kəs onlardan istifadə edə biləcək. Lebedev hətta itlərlə xarici dildə ünsiyyət qurmağın mümkün olacağını bildirib: "Onunla hətta fransız dilində də danışa bilərsiniz və o sizi başa düşəcək", - deyə ekspert əminliklə əlavə edib.