Niderlandda yaşayan və fəaliyyət göstərən azərbaycanlı florist Yusif Xəlilov dünyanın ən bahalı buketini hazırlayıb. Buketin dəyəri 1 milyon avrodan (1 786 400 manat) çox qiymətləndirilib.
"Thursd" nəşrinin məlumatına görə, floristikanın bu unikal şah əsəri ən yaxşı istixanalardan seçilmiş eksklüziv və elit güllərdən hazırlanıb. Kompozisiyanın son vurğusu ağ qızıldan və brilyantlardan ibarət elementlər olub. Bu əşyalar zərgərlik dünyasında lüks və ənənələri ilə tanınan məşhur Royal Coster Diamonds şirkəti ilə əməkdaşlıq çərçivəsində təqdim edilib. Unikal quruluşu və zərif detalları ilə buket sadə çiçək kompozisiyasından dəbdəbəli sənət əsərinə çevrilib.
Buketdə nadir güllər bir araya gətirilib: iki unikal növ qızılgül - Wedding Invite və Sofie - qara kalla və Chocolate Brown Vanda sortundan olan orxideyalarla mükəmməl harmoniya yaradıb.
Qeyd edilir ki, hər bir bitki öz gözəlliyi və nadirliyi ilə seçilib. Florist bu əsəri ilə Ginnesin Rekordlar Kitabına düşməyi hədəfləyir.