Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
2025-ci il yanvarın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0477 manat təşkil edib. Rusiyanın 100 rublu 1,7126 manata kimi bahalaşıb, avro 1,7700 manatadək ucuzlaşıb. Maraqlıdır ki, qonşu ölkələrdə isə dolların məzənnəsində eniş müşahidə edilib.
Bəs görəsən, bunun bizə təsiri ola bilərmi? Bu tendensiya Trampın ABŞ prezidenti səlahiyyətlərini həyata keçirməsi ilə əlaqədardımı?
Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, məzənnədə enmə və qalxmalar normal haldır:
![]()
“Ukrayna hadisələrindən sonra rus rublunda dalğavari artma və azalma olub. Bunun ABŞ prezidenti Donald Tramp ilə əlaqəsi yoxdur. Burada əsas məqam dolların get-gedə rəqəmsal, elektron pula çevrilməsidir. Tramp inflyasiyanın enməsi üçün uçot dərəcələrinin aşağı salınmasına dair təkliflər verib. Ola bilsin ki, müəyyən mənada enə bilər.
Azərbaycan manatına gəldikdə isə, bizim manat dollara bağlanıb. ABŞ-də üzən məzənnədir. Biz də dollara bağlıyıq. Artım olanda, bizdə də artır, eniş də eyni şəkildə olur. Manat dollara nisbətdə Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə biz Türkiyə və Rusiyadakı məzənnə ilə eyniləşdirməməliyik. Türkiyədə son üç ildə 100 faizdən çox eniş olub. Artım da tələb və təklifdən asılıdır. Vaxtaşırı birjalar da prosesə təsir edir”.
E.Qəribli qeyd edib ki, Azərbaycanda dollar ilə manat arasında bağlılıq var:
“Bu qərarı Mərkəzi Bank qəbul edə bilər. Keçən il dollara tələbat artmışdı. Manatın artımının səbəbi neft qiymətinin və hasilatın artım idi. Hər il bizdə neft hasilatı azalırdı. Bu il bərpa olunur. Dolların da qiyməti aşağıdır. Ona görə, Azərbaycanda dolların enməsi, qeyri-adi nə isə baş verməsə, gözlənilmir”.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, təhlillər onu göstərir ki, hazırda valyuta bazarlarında qeyri-müəyyənlik hökm sürür:
![]()
“Bir sıra faktorlar rolların möhkəmlənməsini, digərləri isə zəifləməsi istiqamətində çağırışları dəstəkləyir. Bu kontekstdən, faktiki olaraq Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan ölkələr də daxil olmaqla, dünya bazarlarında ABŞ dollarına münasibətdə valyutaların məzənnəsinin dinamikası fərqli istiqamətdə cərəyan edir. Bəzi ölkələrin iqtisadi subyektləri Tramp hakimiyyətinin dövrünü pozitiv, bəziləri isə neqativ qiymətləndirir. Trampın Çindən idxal olunan məhsullara yeni tariflərin tətbiq etməsi iqtisadi dinamikanın pozitiv meylini artırır.
Bununla yanaşı onun bir sıra ölkələrə münasibətdə əlavə tariflərin tətbiq edilməsi ilə bağlı mövqe ortaya qoyması, xüsusilə də ABŞ iqtisadiyyatını əsas xarici ticarət tərəfdaşlarına münasibətdə konservativ siyasətin qlobal iqtisadiyyata təsirləri ilə bağlı qənaətlər formalaşdırır. Onun birinci hakimiyyəti dövrünü nəzərə alsaq, daha çox radikal, konservativ siyasətin üstünlük təşkil edəcəyini proqnozlaşdırmaq nisbətən daha asandır. Belə olduğu halda orta və ya uzun müddətli dövrdə ABŞ dolları dünya bazarında dəyərsizləşə bilər. Bu prosesdə qısamüddətli nəticələrin qiymətlənməsi doğru deyil”.
“Azərbaycan və onun xarici ticarət tərəfdaşları arasında iqtisadi inteqrasiya səviyyəsi məhz orta və uzun müddətli dövrdə nəticələri qiymətləndirir. Nəinki real vaxt rejimində. Əsas xarici ticarət tərəfdaşlarında dolların ucuzlaşması səbəbindən valyutalar bahalaşacaqsa, bu, manatın məzənnəsini də həmin valyutalara nisbətən ucuzlaşmasına gətirib çıxaracaq. Bu, real, effektiv məzənnənin aşağı düşməsinə və ixracı dəstəkləyən siyasətin meydana gəlməsinə gətirib çıxaracaq. Azərbaycan əsasən idxalçı ölkədir. Bununla yanaşı valyutanın bahalaşması ölkəyə idxal olunan məhsulların da bahalaşmasına gətirib çıxara bilər”, – deyə R.Həsənov fikrini tamamlayıb.
Nəzrin Vahid