“14 yaşımda bir yarışda məğlub oldum, ağlayaraq binanın arxasına getdim. Atam məni qucaqlayıb dedi: “Ağla, amma bu hissəni yadda saxla və gələcəkdə tənbəllik edəndə xatırla.” O an mənim dönüş nöqtəm oldu”.
Bu sözləri şahmat üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi, keçmiş şahmatçı, Azərbaycanda yeganə FPL mütəxəssisi (şəffaf oyun təmin edilməsi üzrə) və FIDE-nin Qadın Komissiyasının üzvü Ülkər Umudova kaspi.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
– Şahmata marağınız necə yarandı?
– Uşaqlıqda şahmatı bacarmayacağımı düşünürdüm. Amma bacılarımı şahmat məktəbinə aparıb-gətirərkən oyuna maraq göstərdim. Tapşırıqlarını edirdim, dinləyirdim. Müəllim atama dedi ki, “Ülkər artıq şahmat oynaya bilir”, beləcə yarışlara qatıldım.
– Gec başlamağın çətinliyi nə idi?
– Universitet imtahanlarına görə şahmatdan uzaqlaşmalı oldum. Qayıdanda isə hiss etdim ki, artıq geridə qalmışam. Şahmat fasiləni bağışlamır – dayandınsa, geriləyirsən.
– Şahmat uşaqlar üçün nə verir?
– Dörd yaşdan başlamaq mümkündür. Erkən başlayanlar daha güclü olur. Amma əsas məqsəd çempion yetişdirmək yox, uşağın oyunu sevərək öyrənməsidir.
– Bəs şahmat sizin həyatınıza nə verdi?
– Orta məktəbdə orta səviyyəli şagird idim. Şahmat beynimi gücləndirdi. Sonradan Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə qəbul oldum. İntuisiyam, diqqətim və qavrama sürətim şahmatdan sonra artdı.
– Uduzmaqdan qorxmusunuz?
– Xeyr. Çünki atam uduzanda da, udanda da eyni cür yanaşırdı. Qalib gələndə “afərin”, uduzanda isə “heç nə olmaz, gələn dəfə udarsan”, – deyirdi. Bu, məni motivasiya edirdi.
– Hansı hadisə sizi formalaşdırdı?
– 14 yaşımda bir yarışda məğlub oldum, ağlayaraq binanın arxasına getdim. Atam məni qucaqlayıb dedi: “Ağla, amma bu hissəni yadda saxla və gələcəkdə tənbəllik edəndə xatırla.” O an mənim dönüş nöqtəm oldu.
– Sizcə, şahmat nə tələb edir?
– Prinsipiallıq, soyuqqanlılıq və məqsədyönlülük. Emosiyalarına qapılan, rəqibə acıyan oyunçular çox vaxt irəliləyə bilmir.