top
“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına
08 sentyabr 2025, 23:16
- +

“İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına

Prezident İlham Əliyev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

İlk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.

Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir.

Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.

Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur.

2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır. Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşmüşdür.

Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.

Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır.

Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək.

Hörmətli Forum iştirakçıları,

Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir.

2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində qurulur.

Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda, AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük.

Əminəm ki, nüfuzlu beyin mərkəzlərinin iştirakı ilə keçirilən hazırkı Forum Azərbaycan sədrliyinin prioritetləri də daxil olmaqla AQEM-in gündəliyində duran qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə dəyərli töhfə verəcəkdir.

Forumun işinə müvəffəqiyyətlər arzulayır, uğurlu nəticələrin əldə edilməsini diləyirəm".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:47

Olimpiya medalları bərpa olunan idmançılar məqsədlərini açıqladı

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Bütün Xəbərlər
07 aprel 2026, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Oxşar xəbərlər