Azərbaycanda şəhidlərin ailə üzvlərinin gəlirinin vergidən tam azad edilməsi təklif olunur. Bu barədə 10 noyabr tarixində Report.az məlumat verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən aylıq gəlirinin tamamilə vergidən azad edilməsini təklif edib.
O, öz çıxışında bildirib:
"Əsrlər boyu bizə qarşı mübarizə aparanlardan 1 kvadrat santimetr torpaq geri ala bilməmişik. Azərbaycan ilk dəfədir ki, torpaq alır. Bunun üçün insanlar canından keçib, qanını qoyub. Hesab edirəm ki, şəhid statusu verilmiş şəxsin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 800 manat və yaxud tam azaldılması arasında elə də böyük fərq yoxdur. 2026-cı ilə qədər əmək haqqında elə də böyük artım gözlənmədiyini nəzərə alaraq, bunun birdəfəlik ləğv edilməsini təklif edirəm".