ABŞ-nin Yuta ştatında düz 41 ildir ölüm kamerasında cəza çəkən 71 yaşlı qaradərili məhkum Duqlas Stüart Karter (Douglas Stewart Carter) barəsində tarixi qərar qəbul edilib. O, 1985-ci ildə törədilmiş Eva Olesen qətli ilə bağlı aparılan yeni DNT analizlərindən sonra sərbəst buraxılıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, müasir texnologiyalarla cinayət yerindəki qapı dəstəyindən və bıçaq sapından götürülən genetik materialların Karterə aid olmadığı tam sübuta yetirilib.
Yuta ştatının hakimi Derek Pullan, prokurorluğun artıq edam cəzası tələb etməyəcəyini bəyan etməsindən sonra məhkumun girov müqabilində azadlığa buraxılmasına qərar verib. Karter elektron qolbaq (GPS izləyicisi) taxmaq şərti ilə sərbəst qalıb.
İllərdir günahsız olduğunu bildirən Karter, ilkin etiraf ifadəsini polis təzyiqi altında verdiyini iddia edirdi. Araşdırmalar zamanı hüquq-mühafizə orqanlarının ciddi qanunsuzluqlara yol verdiyi də üzə çıxıb. Belə ki, iş üzrə əsas iki şahidin polislər tərəfindən gizli şəkildə pul və hədiyyələrlə mükafatlandırılaraq yalan ifadə verməyə məcbur edildiyi məlum olub. Bu faktların aşkar olunmasından sonra Yuta Ali Məhkəməsi işə yenidən baxılması barədə qərar çıxarıb.
Hazırda prokurorluq işi yenidən araşdırır və Karter rəsmi olaraq tam bəraət almayıb. Bununla belə, o, ömrünün 41 ilini itirdikdən sonra ilk dəfə həbsxana divarlarından kənarda azadlığın dadını çıxarır.