Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab taxılması ilə bağlı qadağaya münasibət bildirib. O, həmçinin İranı Gürcüstanda yaşayan azərbaycanlılar arasında radikal islamçı ideologiyanı yaymaqda ittiham edib.
İnsanoid.com xəbər verir ki, Saakaşvili bu barədə özünün Facebook hesabında paylaşım edib.
"Azərbaycan məktəblərdə uşaqların hicab taxmasını qadağan edib. Bu, İlham Əliyevin Azərbaycanın dünyəvi dövlət kimi möhkəmləndirilməsi və islamçıların təsirinin qarşısının alınması istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır", – deyə Gürcüstanın sabiq prezidenti bildirib.
Saakaşvili daha sonra İranın Gürcüstanda yaşayan azərbaycanlılara təsiri məsələsinə toxunub:
"Bu arada, artıq Azərbaycanın daxili işlərinə qarışa bilməyən İran Gürcüstan azərbaycanlıları arasında radikal islamçı ideologiyanı fəal şəkildə yayılmasını həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır.
Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə yaradırlar", – deyə Saakaşvili vurğulayıb.