Bərdədə 20 yaşlı qardaş bacısı ilə söhbət edən qonşunu bıçaqlayıb.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, 2004-cü il təvəllüdlü Nicat Bayramov (ad şərtidir) sentyabrın 4-ü Bərdə şəhərində yaşadığı evə gələndə qonaq otağında qonşusu Əmrahın bacısı Aygün Bayramova (ad şərtidir) ilə söhbət etdiyini görüb. Əsəbiləşərək mətbəx bıçağı ilə Nicatı 4 dəfə bıçaqlayıb.
Nicat Bayramov Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nicat Bayramov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacım tələbə olduğu üçün razı deyildim:
“Bacım Aygün tələbədir. Hadisə baş verməmişdən qabaq Əmrahın anası mənim anama bir neçə dəfə zəng edərək oğlunun bacımdan xoşu gəldiyini deyib. Ancaq anam razı olmayıb. Əmrah isə telefonda anama “gəlib bu məsələni Nicatla danışarıq və narazılığı aradan qaldırarıq” deyib. Aygün tələbədir deyə evlənməyinə razı deyildik.
Evə girəndə qonaq otağında Əmrahla Aygünü gördüm. Başqa heç kim yox idi. Əsəbiləşib, dalaşdım. Bıçaqlanma isə necə oldu, bilmədim. Dayıma deyəndən sonra könüllü olaraq gedib təslim oldum. Əməlimdən peşmanam”.
Məhkəmədə dindirilən zərərçəkmiş Əmrah ifadəsində deyib ki, Nicatla heç bir düşmənçilik əlaqəsi olmayıb:
“Bir neçə il əvvəl Aygünü görüb bəyəndim, onunla evlənmək qərarına gəldim. Lakin Aygünün ailəsi razılıq vermədi. Hadisə günü Aygünün qardaşı ilə məsələni həll etmək üçün onlara gəlmişdim. Evdə heç kim olmadığı üçün oturub Nicatgilin gəlməsini gözlədim. 10-15 dəqiqə sonra Nicat gəldi. Qışqıraraq “evimdə nə işin var?” dedi. Vəziyyəti izah eləməyə, məqsədimin nə olduğunu demək istədim. Amma mübahisə başladı. Bıçaqlandım.
Onlardan heç bir şikayətim yoxdur. Barışmışam. Nicata həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edirəm”.
Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Aygün Bayramova deyib ki, Əmrah onu görüb bəyənib və evlənmək istəyib:
“Əmrahın anası neçə dəfə mənimlə telefonla danışıb. Əmrahın məni xoşladığını deyib. Amma mən dedim ki, hələ universitetdə oxuyuram. Sonra anama dedim bu məsələni. Əmrahın anasının nömrəsini də verdim anama. Anam da zəng edərək razı olmadığını dedi. Hadisə günü evdə heç kim yox idi. Əmrah bizə gələrək, qardaşım və anamla danışmaq istədiyini dedi. Oturub onların gəlməsini gözlədi. Hadisə vaxtı qonşuya keçdiyimə görə Nicatın Əmrahı necə və hansı nahiyələrindən vurduğunu görmədim”.
Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Nicat Bayramovun bacısı ilə evlənmək istəyən Əmrah Quliyevi bıçaqlaması sübuta yetirilib, cinayət üzrə təqsirli bilinib.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nicat Bayramov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fidan İlqar