Cari ilin 10 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1% çoxdur. Bu barədə İnsanoid İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Qurum tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində 406.180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur. 2023-cü ilin 10 ayı üzrə göstəricinin 63.516-sı (16%) ilkin, 342.664-ü (84%) isə təkrar qeydiyyatın payına düşür.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45.141-i fərdi yaşayış və bağ evi, 79.589-u mənzil, 271.939-u torpaq sahəsi, 2.660-ı qeyri-yaşayış binası, 6.163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83.904-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.
Bu ilin yanvar-oktyabr ayları ərzində 325.170 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur. 2023-cü ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artaraq 67.853 təşkil edib.