Fransalı anestezioloq Frederik Peşye, mediada “Doktor Ölüm” adı ilə tanınan həkim, onlarla xəstəni zəhərləməkdə təqsirləndirilir.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına görə, o, 30 nəfəri zəhərləyib və həmin şəxslərdən 12-si həyatını itirib. Onun ən gənc qurbanı isə 4 yaşlı qız olub — cərrahi müdaxilə zamanı onun ürəyi iki dəfə dayanıb.
Müşahidələr göstərib ki, həkim paratsetamol və anesteziya vasitələrinin paketlərini dəyişdirir və ya qəsdən yararsız hala salırmış. Peşyenin qurbanlarının bir çoxunu onunla şəxsi münaqişəsi və ya peşə rəqabəti olan həmkarlarının xəstələri təşkil edib. O, bu yolla həmin həkimlərin reputasiyasına zərbə vurmağa çalışıb. Bəzi hallarda isə “Doktor Ölüm” zəhərlədiyi xəstələri özü xilas edərək şübhələri öz üzərindən uzaqlaşdırmağa cəhd göstərib.
Bu sxem təxminən 10 il fəaliyyət göstərib. Bir müddət sonra ardıcıl və izahsız ölüm halları hüquq-mühafizə orqanlarının diqqətini çəkib. İstintaq çərçivəsində 70-dən çox tibbi hesabat — izah olunmayan ürək dayanması və ağır fəsadlarla bağlı sənədlər araşdırılıb.
Frederik Peşye özünü günahkar hesab etmir və ittihamları inkar edir. Buna baxmayaraq, məhkəmə onu ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib.