Abşeronda anası Gülbəs Həsənovanı yandıraraq öldürən Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Hökməli qəsəbəsindəki fərdi yaşayış evində baş verib. Anası 21 yaşlı oğluna gecələr evə gəlməməsini, işləməməsini və avara həyat tərzi keçirməsini irad tutub. Abdurrəhman isə həm anasını, həm də evi yandıracağını deyib.
O, həyətdən benzin götürərək evin döşəmə və divarlarına, eləcə də anasının üzərinə töküb və alışqanla yanğın törədib. Qadının bədəninin 60-65 faizi yanıb. O, xəstəxanada bir neçə gün sonra vəfat edib.
Məhkəmədə mərhumun qızı ailədəki münaqişələrin səbəbinin atalarının dini inancları olduğunu bildirib. Onun sözlərinə görə, atası övladlarının təhsil almasına qarşı çıxıb, namaz qılmağı və hicab geyinməyi tələb edib.
Abdurrəhman Həsənli isə məhkəmədə özünü təqsirli bilmədiyini deyib. O, evdəki mübahisələrə son qoymaq məqsədilə yanğın törətdiyini, anasını yandırmaq niyyətinin olmadığını bildirib.