Salyanda kişi siqaret üstündə qonşusunu bıçaqlayıb.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Belə ki, təqsirləndirilən Sahib Əfəndiyev (ad şərtidir) Salyan şəhərində doğulub. O, avqustun 17-si siqaret almaq üçün yaşadığı ərazidə yerləşən “Bizim market”ə gedib. Yolda qonşusu Samir Cavadovu (ad şərtidir) görüb. Ondan siqaret istəsə də, rədd cavabı alıb. Hələ bu da azmış kimi, qonşusu siqaretinin olmadığını nalayiq sözlər deyərək bildirib və cibindəki bıçağı çıxararaq onu vurmaq istəyib. Özünü qorumaq üçün Sahib Samirə yumruq vuraraq yerə yıxıb. Həmin bıçağı götürərək bir neçə dəfə qonşusuna zərbə endirib.
Sahib Əfəndiyev Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahib Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib:
“Salyan şəhərində ailəmlə birgə yaşayıram. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam və yaralandığıma görə əsəblərim pozulub. 2 saylı Psixiatriya Xəstəxanasında müalicə almışam. 2024-cü ilin iyul ayının sonlarında müalicə başa çatıb. Samiri məhəllədən tanıyıram, münasibətimiz həmişə yaxşı olub. Hadisə günü siqaret almaq üçün marketə gedirdim. Küçədə onun sərxoş vəziyyətdə söyüş söydüyünü gördüm. Yaxınlaşıb irad bildirdim. Məni də söyməyə başladı və cibindən bıçaq çıxardı. Bıçağı görəndə ona imkan verməmək üçün sifətinə yumruqla vurdum. O, yerə yıxıldı, əlindəki bıçaq da düşdü. Yerdə süpürləşən zaman bıçağın ağzı açıq olduğundan onun bədənini bir neçə dəfə kəsib. Əməlimdən peşmanam”.
Daha sonra məhkəmə zalında zərərçəkmiş Samir Cavadov ifadə verib:
“Sahiblə münasibətimiz həmişə yaxşı olub. Onun psixoloji problemi olan şəxs kimi tanıdığımdan yaxın münasibət saxlamırdım. 250 qram içki qəbul etdiyim üçün əhvalım yaxşı idi. Çölə çıxdım, bu zaman Sahib məni görüb yaxınlaşaraq siqaret istədi. İçkili vəziyyətdə olduğum üçün bir qədər kobud və istehzalı formada Sahibə siqaretimin olmadığını, həm də ona siqaret verməyə borclu olmadığımı bildirdim. Kobud formada danışığım onun xoşuna gəlmədi. Elə bu səbəbdən mübahisə başladı. Cibimdən bıçaq çıxaranda məni yumruqla vurdu, yerə yıxıldım. Sahib bıçağı götürüb məni bıçaqladı”.
Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev 4 il müddətində azadlıqdan məhrum edilib.
Fidan İlqar