Çinli alimlər insanı görünməz etmək texnologiyasını kəşf ediblər.
İnsanoid.com xəbər verir ki, bu barədə "China Science Daily" jurnalında dərc olunmuş elmi məqalədə məlumat verilib.
Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şərtlərindən asılı olaraq molekulyar səviyyədə rəngini dəyişə bilən xüsusi material hazırlayıblar. Alimlərin fikrincə, bu unikal material kamuflyaj texnologiyasında böyük irəliləyiş olacaq və insanlara ətraf mühitlə tam uyğunlaşma imkanı yaradacaq.
"Bu innovasiya hərbi sahədən memarlığa qədər geniş tətbiq potensialına malikdir. Layihəmiz insanın görünməz olmasını mümkün edə bilər," – deyə tədqiqat qrupu üzvü Van Donşenq bildirib.
Alimlər qeyd ediblər ki, materialın rəng dəyişikliyi onun strukturunun müəyyən dalğa uzunluğundakı işığın təsiri altında dəyişməsindən qaynaqlanır. Bu texnologiya "özünüadaptiv fotoxromizm" adlandırılıb və təbiətdə buqələmun və səkkizayaqlı dəniz ilbizi kimi heyvanların malik olduğu xüsusiyyətlərə əsaslanır.
Hazırda tədqiqatçılar bu texnologiyanın daha da inkişaf etdirilməsi üzərində çalışır və yaxın zamanda aktiv kamuflyaj xüsusiyyətinə malik materialların ilk prototiplərini təqdim etməyi planlaşdırırlar.