37 yaşlı italiyalı müdafiəçi Françesko Açerbi Avropa kuboklarında ilk qolunu "Barselona"nın qapısından keçirib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, o, 19 illik peşəkar karyerası ərzində nə Çempionlar Liqasında, nə də Avropa Liqasında qol sevinci yaşayıb. Bu, yalnız "Barselona" ilə keçirilən yarımfinal qarşılaşmasının 93-cü dəqiqəsində baş verib.
Qeyd edək ki, Açerbi 2013–2014-cü illərdə iki dəfə onkoloji xəstəliklə mübarizə aparıb və sağaldıqdan sonra bütün 7 titulunu qazanıb. Bu uğurlar arasında İtaliya yığması ilə 2020-ci il Avropa çempionatının qazanılması da yer alır.
Oyunda diqqət çəkən başqa bir məqam isə "Barselona"nın müdafiəçisi İnyiqo Martinesin kobud hərəkəti olub. O, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Françesko Açerbinin kürəyinə tüpürüb. Hadisə sosial şəbəkələrdə və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.