ABŞ-da aparılan tədqiqat göstərib ki, insanların pizza üzərində seçdiyi əlavələr onların fərdi xüsusiyyətlərini açıqlaya bilər.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, Çikaqo Qoxu və Dad Araşdırmaları Fondunun direktoru doktor Alan Hirşin sözlərinə görə, insan hansı pizzanı seçirsə, bu, onun xarakteri ilə sıx bağlıdır.
Məsələn, ənənəvi ət əlavələrini – pepperoni və ya vetçina – sevənlər daha çox əsəbiliyə və mübahisəyə meylli olurlar. Müxtəlif ət növlərinin qarışığını seçənlər isə diqqət mərkəzində olmağı sevən ekstravertlərdir. Tərəvəz seçənlər həssas, mehriban və anlayışlı, acı əlavələrə üstünlük verənlər isə risksevər hesab olunurlar. Toyuq və dəniz məhsullarını seçənlər ünsiyyətcil, ananas və soğan kimi qeyri-adi əlavələri üstün tutanlar isə iddialı və aqressiv insanlar kimi xarakterizə olunurlar.
Britaniyanın “Fireaway” pizzalar şəbəkəsinin məlumatına görə, ən populyar əlavələr arasında pepperoni, toyuq, jalapeno, göbələk, qırmızı soğan, ananas və zeytun var. 2017-ci ildə keçirilmiş sorğu isə göbələyi Böyük Britaniyada ən sevilən pizza əlavəsi kimi göstərib.
Mütəxəssislər bildirirlər ki, bu əlaqə səbəb-nəticə yox, yalnız müşahidə olunan uyğunluqdur. Yəni insanın xarakteri onun pizza seçiminə təsir edə bilər və ya əksinə, seçimi onun fərdi xüsusiyyətlərini əks etdirə bilər.