Ötən gecə İsrail ordusu İranın hərbi və nüvə obyektlərinə genişmiqyaslı hava hücumu həyata keçirib.
İnsanoid.com xəbər verir ki, hücumun əsas məqsədi uranın zənginləşdirmə mərkəzi olan Natanz, ştablar, radarlar, hava hücumundan müdafiə sistemləri və hərbi komandanlıqlar olub. Bu hücum son on ilin ən genişmiqyaslı açıq hücumu hesab edilir. Təbii ki, İranın da İsrailə cavabı olacaq. Çünki bu cavab olmasa, İranın regiondakı nüfuzu yerlə bir ola bilər. Onsuz da Suriya və Livandakı hadisələrdən İslam Respublikasının nüfuzu ciddi zədə alıb.
Bu hücum region ölkələrinə, xüsusən də Ermənistana ciddi təsirlər edə bilər. İlk olaraq, İrandan təhlükəsizlik yastığı kimi istifadə edən erməni dövlətinin maraqları təhlükə artına düşəcək. Sirr deyil ki, rəsmi İrəvanla Tehran arasında qonşuluq münasibətlərindən başqa, bir sıra digər razılaşmalar da var. Məsələn, Ermənistan Hindistandan silahları məhz İran vasitəsilə əldə edir. İran uzun müddətdir Zəngəzur dəhlizi kimi bütün regionun iqtisadi marağına xidmət edən bir layihənin əleyhinə çıxış edir. Bundan əlavə, ticarət, logistika və enerji təhlükəsizliyi məsələsində erməni dövləti üçün təhlükəsizlik yastığı rolunu oynayır. Bu səbəbdən də İsrail və İran arasında ciddi qarşıdurma və müharibə ehtimalı elə Ermənistana da birbaşa zərbə kimi sayılmalıdır. Çünki belə bir vəziyyətdə rəsmi İrəvan ticarət, logistika, enerji təhlükəsizliyi və digər sahələrdə ciddi dəstəyini itirəcək. Müharibə və ciddi eskalasiya vəziyyətində İran-Ermənistan yolunun bağlanması onsuz da uzun illərdir özünü blokada vəziyyətinə salan erməni dövlətinin iqtisadiyyatına ciddi zərbə endirəcək. Eyni zamanda son dövrlər revanşizm meyllərini artıran və ağır silah almaq üçün İran və Hindistandan istifadə edən Ermənistanın bu yolu da bağlana bilər. İranla münasibətləri daha da dərinləşdirən erməni dövləti hazırda geosiyasi çıxılmaza düşmək üzrədir. Çünki bu dərinləşmə kritikləşməyə doğru gedir. Qaz, nəqliyyat və təhlükəsizlik məsələlərdə əsasən cənubdan, yəni İrandan faydalanan Ermənistan bir növ bu ölkədən asılı vəziyyətə düşmək üzrədir. Eyni zamanda Çabahar limanından Ermənistana doğru uzanması nəzərdə tutulan layihə də hazırda sual altına düşür.
Eyni zamanda Qərbin, xüsusən də Avropanın Ermənistanda olan təsir rıçaqları, sərhəddə uzun müddətdir müşahidə adı altında kəşfiyyat materialları toplayan Aİ müşahidəçilərini nəzərə alsaq, yaxın vaxtlarda təzyiqlə İran əleyhinə çıxışlar edə bilər. Bu ritorika isə İslam Respublikasının İrəvana olan münasibətini kökündən dəyişə bilər.
Qısacası, İsrail-İran müharibəsi Ermənistanı geosiyasi turbulentliyə sala bilər. Erməni dövlətinin logistika, energetika və təhlükəsizlik məsələləri ciddi təhdid altına düşə bilər. Bu səbəbdən də Nikol Paşinyan başda olmaqla, erməni hökuməti ciddi-ciddi düşünüb Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, rəsmi Bakının şərtlərini qəbul edərək, sülh müqaviləsini imzalamalı, regionun nəqliyyat blokunun aradan qaldırılmasına, Zəngəzur dəhlizinin işə düşməsinə qol qoymalıdır. Əks halda dövlət borcu günü-gündən artan, işsizlik və yoxsulluq pik həddə olan, ondan-bundan mədət uman erməni dövlətinin subyektiv mövcudluğu şübhə altına düşə bilər.
Hikmət Həsənov