Ağcabədi rayonunda toya gedənlər yol qəzasına düşüblər, üç nəfər ölüb. Bu barədə 9 yanvar tarixində Report məlumat verib.
Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çarpılıb. Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldıqları xəsarətlərdən vəfat ediblər.
Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çarpılması səbəb olub.
Qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirlərmiş.
Faktla bağlı araşdırmalar aparılır.