Şagirdlərin xarici ölkələrdən Azərbaycanın ümumi təhsil müəssisələrinə yerdəyişməsinin hansı qaydada aparıldığı açıqlanıb. Bu haqda martın 30-da Təhsil Nazirliyindən APA-ya məlumat verilib.
Belə ki, I–IX siniflərdə təhsil alan şagirdlərin valideynləri məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli əlavə olunur. Daha sonra şagirdin oxuyacağı sinif müəyyənləşir və ona "Şərti UTİS" kodu alınır.
Qeydiyyat prosesini tamamlamaq üçün elektron yerdəyişməsi portalında "Şərti UTİS kodu"nu daxil etmək lazımdır. Şagirdin xarici ölkədə təhsil alması barədə sənədin alınması ilə bağlı çətinlik yaranarsa, yerli təhsili idarəetmə orqanına müraciət etmək olar.
I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin təhsil proqramlarına (kurikulumlara) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yoxlanılır.