top
10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA
Bu gün, 19:03
- +

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Şəkidə iki gəncin ölümü son on ilin ilk belə faciəsi deyil. Apardığımız araşdırmalar zamanı istirahət məkanlarında azı 14 ölümcül hadisəni və 21 insan itkisini üzə çıxarıb


Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən "Şəki Yaylası" istirahət mərkəzinə gələn Coşqun Məmmədov və Ucal Bayramov əylənmək istəyirdilər. Bir neçə saat sonra isə hər ikisinin ölüm xəbəri yayıldı.


İlkin məlumatlara görə, faciə kanat tipli əyləncə qurğusunun trosunun qırılması nəticəsində baş verib. TƏBİB saat 14:50 radələrində çağırış daxil olduğunu, hadisə yerinə gələn təcili tibbi yardım briqadasının iki kişinin həkiməqədər ölümünü qeydə aldığını açıqladı. Fakt hazırda Şəki Rayon Prokurorluğunda araşdırılır.


Lakin artıq hadisənin necə baş verdiyi barədə bir-birindən fərqli məlumatlar var.


Yerli mediaya danışan şahid bildirib ki, sentyabrın 4-də həmin məkana gələndə ona "Mega" kanatın təmirdə olduğu deyilib. Sentyabrın 8-də qurğu artıq işləyib. Şahidin sözlərinə görə, özü kanatdan istifadə etdikdən təxminən beş dəqiqə sonra faciə baş verib.


Sentyabrın 9-da isə AzTV-nin reportajına istinadən daha bir versiya yayıldı. Bildirilir ki, tros ümumiyyətlə qırılmayıb, zipline qurğusunun rolikləri trosdan çıxıb. Reportajda buna güclü küləyin səbəb olduğu, avadanlığın icbari sığortasının olduğu və təhlükəsizlik yoxlamasından keçdiyi də qeyd olunur. Həlak olan şəxslərin əvvəlcədən sığorta sənədinə imza atdıqları və hadisə ilə bağlı sənədlərin prokurorluğa təqdim edildiyi bildirilir.


Bu, hələ istintaqın yekun nəticəsi deyil. Üstəlik, Milli Hidrometeorologiya Xidməti sentyabrın 8-də ölkənin bəzi yerlərində küləyin güclənəcəyini bildirmiş və küləklə bağlı xəbərdarlıq etmişdi. Lakin məhz hadisə anında "Şəki Yaylası" ərazisində küləyin sürətinin nə qədər olması və qəzanın birbaşa səbəbinin külək olub-olmaması yalnız ekspertiza ilə müəyyən edilə bilər.


Amma Şəki faciəsinin yaratdığı əsas sual trosun qırılıb-qırılmamasından daha böyükdür.


İstirahət mərkəzlərində insanların istifadə etdiyi hovuzları, kanatları, attraksionları, elektrik qurğularını və digər təhlükəli infrastrukturu kim, necə və nə qədər tez-tez yoxlayır?


Bu sual ona görə vacibdir ki, Şəkidə baş verənlər Azərbaycanda ilk belə hadisə deyil.


Araşdırmalar zamanı 2017-ci ildən 2026-cı ilin sentyabrınadək istirahət məkanlarında təhlükəsizliklə bağlı və ya həmin məkanların infrastrukturu daxilində baş vermiş azı 12 ölümcül hadisə müəyyən etdik. Bu hadisələrdə ən azı 19 nəfər həyatını itirib.


Bu rəqəmə istirahət mərkəzinin ərazisində baş versə də, ölümün ilkin olaraq infarkt, epileptik tutma və digər təbii tibbi səbəblərlə əlaqələndirildiyi hallar daxil edilməyib. Eyni zamanda bu, rəsmi dövlət statistikası deyil — yalnız açıq mənbələrdə təsdiqləyə bildiyimiz minimum göstəricidir.


Ən ağır və ən aydın nümunələrdən biri 2017-ci ilin iyulunda İsmayıllıdakı "Green House" istirahət mərkəzində baş verdi. Hovuzda olan iki nəfəri elektrik cərəyanı vuraraq öldürdü, daha iki nəfər xəsarət aldı. İstintaq sonradan müəyyən etdi ki, elektrik qaydalarının kobud şəkildə pozulması nəticəsində cərəyan hovuzdakı filtr qurğusunun metal korpusu vasitəsilə suya keçib. Otelin müdiri təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbs edildi.


Cəmi bir həftə sonra, 14 iyul 2017-ci ildə Nabrandakı "Atlant" istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğuldu. Hadisə onun valideynlərinin gözü qarşısında baş verdi.


2018-ci ilin iyulunda "Quba Palace Hotel"də kanat infrastrukturu ilə bağlı başqa bir ölüm baş verdi. İlk xəbərlərdə turistlərin olduğu kanatın qırıldığı yazılsa da, Fövqəladə Hallar Nazirliyi sonradan dəqiqləşdirdi ki, kanat iyunun 20-dən istifadəyə bağlı olub və hadisə təmir zamanı yerdə baş verib. Bir işçi öldü, iki nəfər yaralandı.


Həmin ilin avqustunda Masallı-Yardımlı yolundakı istirahət mərkəzində iri ağac kottecin üzərinə aşdı. 34 yaşlı Sevda Mirzəyeva ağır yaralandı və xəstəxanada həyatını itirdi.


2022-ci ilin iyununda Lənkəranda məktəbi yenicə bitirmiş 18 yaşlı Məhəmmədəli Əzizli məzun yoldaşları ilə istirahət mərkəzinə gedib. Ayağı sürüşərək mərkəzin ərazisindən keçən çaya düşüb və boğulub. Burada obyekt rəhbərliyinin təqsirinin müəyyən edildiyinə dair məlumat yoxdur, lakin hadisə istirahət məkanlarında təbii su hövzələrinə çıxışın təhlükəsizliyini də gündəmə gətirmişdi.


Son on ilin ən ağır hadisələrindən biri isə 22 yanvar 2023-cü ildə Qusardakı "Park Qusar"da yaşandı. İkimərtəbəli taxta kottecdə gecə baş verən yanğında dörd nəfər öldü, altı nəfər yaralandı. Həlak olanlardan üçü eyni ailənin üzvləri idi. FHN-in ilkin araşdırmasına görə, yanğının kottecdəki odun sobasının nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal olunurdu. Daha sonra Cinayət Məcəlləsinin 314.3-cü — səhlənkarlığın iki və daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi başlanıldı.


Nabranda istirahət zamanı ölümlə nəticələnən daha bir hadisə 2023-cü ildə qeydə alınıb. Bakı sakini, 1963-cü il təvəllüdlü Xanım Tağıyevanı "Dənizçi" istirahət mərkəzinin hamam otağında elektrik cərəyanı vurub. Qadın hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılıb.


2024-cü ilin iyulunda Nabrandakı "El Faro" istirahət mərkəzində azyaşlı böyüklər üçün nəzərdə tutulmuş hovuzda boğuldu. Hadisədən sonra hovuz bağlandı, Xaçmaz Rayon Prokurorluğu araşdırmaya başladı. Yerli mediada ölən şəxsin 13 yaşının olduğu bildirilir.

 

2025-ci ilin iyulunda Mərdəkandakı "Golden Beach" istirahət mərkəzində çalışan 39 yaşlı Elçin Ramazanovu elektrik cərəyanı vuraraq öldürdü. Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğu araşdırma apardı.


Həmin ay Qəbələnin Vəndam qəsəbəsində turistlərə kirayə verilən A-frame evinin həyətindəki hovuzda 4 yaşlı Nərmin İsmayılova boğuldu. Anasının sözlərinə görə, uşaq hovuzun kənarında sürüşərək suya düşüb və hər şey bir neçə dəqiqənin içində baş verib.


Bir neçə ay sonra - 4 sentyabr 2025-ci ildə Şahbuzun Ayrınc kəndində daha ağır faciə yaşandı. Ailəvi istirahət məkanının həyətyanı sahəsindəki gölməçədə kustar üsulla hazırlanmış üzən platforma aşdı. Ana, onun 14 yaşlı qızı və uşağın nənəsi boğularaq öldülər.


Bu hadisədə artıq məsuliyyət məsələsi hüquqi müstəviyə də keçdi. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun istintaqı sahibkar Hikmət Qurbanlının işə vicdansız və ya laqeyd münasibətinin iki və daha çox şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən etdi və ona Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə ittiham elan edildi. İş məhkəməyə göndərildi.

Cari il martın 12-si Quba rayonunda ölümlə nəticələnən qəza baş verib. Qımılqazma kəndi ərazisində Bakı şəhər sakini, 27 yaşlı Elçin Yusifov idarə etdiyi kvadrosikli beton maneəyə vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 


Nəhayət, Şəkidən cəmi bir neçə həftə əvvəl - 14 avqust 2026-cı ildə "Sea Breeze"də 4 yaşlı uşağın ayağı hovuzun su nasosunda sıxıldı. FHN xilasedicilərinin və həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq uşağı xilas etmək mümkün olmadı.


Bu hadisələr eyni səbəbdən baş verməyib. Hər birinin hüquqi qiymətləndirilməsi də fərqlidir. Bir yerdə elektrik təhlükəsizliyi qaydalarının pozulması istintaqla müəyyən edilib, başqa yerdə yanğın baş verib, üçüncü yerdə uşaq hovuzda boğulub, digər hadisədə kustar qurğu aşıb. Bəzi hallarda obyekt sahibinin və ya əməkdaşlarının təqsiri barədə hüquqi qərar mövcuddur, bəzilərində isə belə nəticəyə gəlmək üçün əsas yoxdur.


Ona görə də bütün bu ölümləri birbaşa "istirahət mərkəzlərinin səhlənkarlığı" kimi təqdim etmək düzgün olmazdı.


Amma on ilin mənzərəsinə bütövlükdə baxanda başqa bir qanunauyğunluq görünür: su, elektrik, yanğın və texniki qurğular dönə-dönə risk mənbəyinə çevrilir.


Burada maraqlı bir detal ortaya çıxır.

Azərbaycanda "Attraksionların təhlükəsizliyi haqqında" milli texniki reqlament hazırlanıb. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sənədi 2025-ci ildə ictimai müzakirəyə çıxarıb. Noyabrın 28-də FHN və digər qurumların nümayəndələrinin də iştirakı ilə layihənin ictimai müzakirəsi keçirilib və onun Nazirlər Kabinetinə təqdim olunacağı bildirilib.


Ancaq 9 sentyabr 2026-cı il tarixinə Agentliyin rəsmi saytındakı sənəd hələ də "Layihə" kimi yerləşdirilib. Nazirlər Kabinetinin qərarının tarix və nömrəsi üçün nəzərdə tutulan yerlər də boşdur. Açıq rəsmi mənbələrdə bu reqlamentin artıq yekun şəkildə təsdiqləndiyinə dair məlumat tapa bilmədik.


Ən maraqlısı isə layihədə nəzərdə tutulan tələblərdir.


Sənəddə attraksionun hər gün yoxlanılması, gündəlik istismara buraxılması barədə xüsusi jurnalda qeyd aparılması, kritik komponentlərin və parametrlərin yoxlanması, həmçinin illik tam yoxlama nəzərdə tutulur. Texniki xidmət və təmir istehsalçının istismar sənədlərinə uyğun aparılmalı, təhlükəli zonalara insanların sərbəst girişi mümkün olmamalıdır.


Layihədə hətta attraksion açılmamışdan əvvəl və iş günü başa çatdıqdan sonra texniki vəziyyətin yoxlanılması prosedurunun texniki sənədlərdə əks olunması tələb edilir.


Şəkidəki hadisəni bu fon xüsusilə düşündürücü edir.


Əgər şahidin dediyi kimi qurğu dörd gün əvvəl təmirdə olubsa, təmirdən sonra hansı yoxlamadan keçirilib?


Əgər AzTV-də bildirildiyi kimi avadanlıq təhlükəsizlik yoxlamasından keçibsə, bu yoxlamanı kim və nə vaxt aparıb?


Roliklərin trosdan çıxması mümkündürsə, bunun qarşısını alan əlavə təhlükəsizlik sistemi mövcud olubmu?


Güclü külək doğrudan da səbəbdirsə, hansı külək sürətində qurğunun istismarı dayandırılmalı idi?


Kanatın həmin gün istifadəyə buraxılması barədə texniki jurnal varmı?


Ən əsası - bu sənədləri yalnız faciədən sonra prokurorluq görürsə, faciədən əvvəl onları kim yoxlayır?


Bu sualların heç biri Coşqun Məmmədov və Ucal Bayramovun ölümü ilə bağlı kimisə qabaqcadan günahkar elan etmək üçün deyil. Buna yalnız istintaq və ekspertiza qərar verə bilər.


Amma son on ildə təkrarlanan faciələrdən sonra daha geniş bir sualdan qaçmaq da mümkün deyil:


Azərbaycanda insan həyatı üçün real risk yaradan istirahət və əyləncə qurğuları yalnız sahibkarın məsuliyyətinə buraxılmalıdır, yoxsa onların vahid reyestri, məcburi dövri texniki yoxlaması və ictimai şəkildə yoxlana bilən təhlükəsizlik sertifikatı olmalıdır?


Çünki faciədən sonra prokuror, ekspert, xilasedici və həkim işə başlayır.


Əsas məsələ onların işə başlamasına ehtiyac qalmadan əvvəl kimin işini görməsidir.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:05

Prezident İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:50

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Bütün Xəbərlər
Bu gün, 12:36

Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq

Bütün Xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

Bütün Xəbərlər
Bu gün, 12:11

Ceyhun Bayramov: "Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür"

Bütün Xəbərlər
Bu gün, 11:05

Abdullah Zubir klubsuz qaldı

Bütün Xəbərlər
Bu gün, 09:50

Xalq artisti Aleksandr Şarovski vəfat edib, Mehriban Əliyeva başsağlığı verib

Bütün Xəbərlər
Bu gün, 09:47

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Bütün Xəbərlər
Bu gün, 09:28

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Bütün Xəbərlər
Bu gün, 09:17

Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 16:10

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Bütün Xəbərlər
Dünən, 15:57

Tanınmış modelyer Leyla Əhmədova həbs olunub

Bütün Xəbərlər
Dünən, 15:27

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün Xəbərlər
Dünən, 14:18

"Qarabağ" Koxalskinin gedişini rəsmən açıqladı

Bütün Xəbərlər
Dünən, 14:14

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Bütün Xəbərlər
Dünən, 13:00

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Bütün Xəbərlər
Dünən, 12:41

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:32

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 09:12

UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür

Bütün Xəbərlər
07 sentyabr 2026, 17:55

Azərbaycan həndbolunu necə məhv edirlər: idmanın bu növünü həmişəlik itirə bilərik

Bütün Xəbərlər
07 sentyabr 2026, 17:23

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarovun AÇIQLAMASI

Bütün Xəbərlər
07 sentyabr 2026, 16:19

Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək

Bütün Xəbərlər
07 sentyabr 2026, 14:42

Prezident tərəfindən vəzifə verilən Osman Xaliyev kimdir - DOSYE

Oxşar xəbərlər