Göz rənginin tibbi müdaxilə ilə dəyişdirilməsi son illərdə diqqət çəkən estetik prosedurlardan birinə çevrilib.
Bəs bu dəyişiklik şəxsin rəsmi sənədlərində də öz əksini tapmalıdırmı?
Azərbaycan qanunvericiliyində göz rənginin dəyişdirilməsi ilə bağlı maraqlı hüquqi boşluq ortaya çıxır. Mövcud qaydalar bu halın şəxsiyyət vəsiqəsinin yenilənməsinə səbəb olub-olmadığını dəqiq müəyyən etmir.
Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski bildirib ki, göz rəngi Azərbaycan qanunvericiliyində biometrik məlumat deyil. Onun sözlərinə görə, "Biometrik informasiya haqqında" Qanunun 1.1.2-ci maddəsi biometrik məlumatları sadalayır: barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs, DNT, bədən ölçüləri, yazı xətti və imza. Gözlə bağlı orada qeyd olunan qüzehli qişadır (iris) və tor qişasıdır, rəng deyil. Eyni yanaşma Qanunun 6-cı və 9-cu maddələrində də saxlanılır.
Hüquqşünasın fikrincə, qanunvericilikdə göz rənginin dəyişdirilməsi biometrik məlumatın dəyişməsi sayılmır:
"Bunun səbəbi sadədir. Biometrik məlumatın funksiyası şəxsi fərdiləşdirməkdir. İrisin quruluşu hər insanda unikaldır, göz rəngi isə cəmi bir neçə kateqoriyadan ibarətdir və heç kimi identifikasiya etmir. Ona görə də o, boy və qan qrupu ilə eyni sırada duran təsviri əlamətdir. Bunu prosedur da göstərir, göz rəngi biometrik cihazla deyil, adi tibbi arayışla müəyyən edilir. Deməli, əməliyyat biometrik məlumatı dəyişdirmir. Rəngin özü biometrik göstərici olmadığına görə, onun tibbi yolla dəyişdirilməsi hüquqi mənada biometrik məlumatın dəyişməsi sayılmır".
Rəhim Xoyski həmçinin qeyd edib ki, əməliyyat irisin oxunmasına maneə yarada bilər:
"Bir texniki qeydi əlavə etmək istərdim. Keratopiqmentasiya buynuz qişaya təsir edir, süni implant isə qüzehli qişanın üzərinə örtük qoyur. Yəni müdaxilə rəngi dəyişməklə yanaşı, əsl biometrik göstərici olan irisin oxunuşuna fiziki maneə yarada bilər. Azərbaycanda şəxsiyyət sənədləri üçün iris məlumatı toplanmadığından bu, hazırda praktiki problem yaratmır, amma perspektivdə nəzərə alınmalı məsələdir".
Mütəxəssis göz rənginin dəyişməsinin şəxsiyyət vəsiqəsinin məcburi dəyişdirilməsi üçün əsas olmadığını açıqlayıb:
"Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün məcburi əsas yoxdur. Qanunvericilik məcburi dəyişdirmə əsaslarını məhdud şəkildə sadalayır: etibarlılıq müddətinin bitməsi, soyad-ad-ata adının dəyişməsi, vəsiqənin və ya çipin yararsız hala düşməsi, vəsiqənin üzərindəki məlumatların səhv olması. Göz rənginin dəyişməsi bu siyahıda yoxdur. Üstəlik göz rəngi vəsiqənin üzərində, ümumiyyətlə, yazılmır, o yalnız çipdədir. Yəni "vəsiqənin üzərindəki məlumatın səhvliyi" əsası da burada tətbiq oluna bilməz".
Hüquqşünas vacib bir məqama da diqqət çəkərək qeyd edib ki, qanunvericilik göz rənginin dəyişdirilməsini nəzərə almayıb:
"Əsas problem başqadır. Çipdəki məlumatlar iki qrupa bölünür, aktuallaşdırıla bilən (yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifə) və dəyişdirilməyən. Göz rəngi ikinci qrupa aid edilib. Yəni normativ model göz rənginin ömür boyu sabit qalacağı fərziyyəsi üzərində qurulub və onun yenilənməsi üçün ayrıca mexanizm nəzərdə tutulmayıb. Səhv düzəlişi qaydası da işləmir, çünki burada səhv yoxdur. Əməliyyatdan əvvəlki rəng düzgün qeydə alınmışdı. Sonradan baş verən faktiki dəyişiklik texniki səhv deyil. Bu, tipik qanunvericilik boşluğudur, tibbi imkanlar normativ tənzimləmədən qabağa keçib".
Bəs vətəndaş hansı addımları ata bilər?
"Öhdəlik olmasa da, imkan var. Vətəndaş etibarlılıq müddəti bitməmiş vəsiqəni də könüllü olaraq dəyişdirmək üçün müraciət edə bilər (dövlət rüsumu ödənilməklə). Bundan başqa, vəsiqə sahibinin fərdi məlumatların subyekti kimi öz məlumatlarının dəqiqləşdirilməsini tələb etmək hüququ var.
Praktikada isə imtina ehtimalı var, çünki bu hal üçün sənəd siyahısı normativ olaraq müəyyən edilməyib. Ona görə də əvvəlcədən DİN-in müvafiq orqanından yazılı dəqiqləşdirmə almağı tövsiyə edərdim. Bu, imtina halında inzibati şikayət üçün əsas olacaq", - o əlavə edib.
Mənbə: Bizim.Media