MMA döyüşçüsü Əli İsayev “Bellator"da Azərbaycan bayrağı altında çıxış edəcək. Bu barədə 11 yanvar tarixində Report məlumat verib.
İsayev bildirib ki, artıq ona Azərbaycan pasportu ilə viza açılıb: "Bu ölkə üçün yarışmışam, pasportum var idi. Başqa çarəm olmadığından gedib məsələni həll etdim. Onsuz da Rusiya pasportu ilə mənə heç bir halda viza verməyəcəkdilər".
Qeyd olunub ki, Əli İsayev daha əvvəl sərbəst güləşlə məşğul olub. O, 2019-cu ildə Azərbaycan millisinin heyətində 120 kiloqram çəki dərəcəsində Avropa çempionluğunu qazanıb.
İdmançının "Bellator"da ilk rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq. İsayev bundan əvvəl keçirdiyi 9 döyüşün hamısını qələbə ilə başa vurub.