3 Pakistan İslam Respublikası vətəndaşı Azərbaycan-Rusiya dövlət sərəhədini pozmağa cəhd edib. Bu barədə İnsanoid DSX-nin mətbuat xidmətinə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.