Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində yük avtomobili ilə qatar toqquşub. Bu barədə İnsanoid Azərbaycan Dəmir Yollarına istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Ötən gün saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində 22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Hadisənin baş verməsinə səbəb sürücünün “Yol hərəkəti haqqında Qanun”un tələblərini pozması olub.
Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.