İkinci Qarabağ müharibəsində yaralanmış və İsrail həkimləri tərəfindən əməliyyat olunmuş azərbaycanlı əsgər İsrailə gedəcək. Bu barədə 17 dekabr tarixində APA ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringerdə istinadən məlumat verib.
Nurit Qringer ikinci Qarabağ müharibəsində gözünü itirmiş azərbaycanlı əsgərdən müsahibə götürdüyünü deyib. O xatırladıb ki, 44 günlük müharibədə gözünü itirmiş əsgər Azərbaycana səfər etmiş israilli həkimlər tərəfindən əməliyyat olunub və ona İsrail vətəndaşı donorluq edib.
O bildirib ki, sabah həmin qazi - Arif Hacıyev İsrailə dörd günlük səfər edəcək, orada onu əməliyyat etmiş İsrail həkimləri və donorun ailəsi ilə görüşəcək.
Nurit Qringer deyib ki, o, Azərbaycanla bağlı iki sənədli film çəkir. Bu filmlərdən biri məhz həmin azərbaycanlı qaziyə, digər film isə Azərbaycan mədəniyyəti və tarixinə aiddir:
"İkinci sənədli filmim üçün Azərbaycanın müxtəlif şəhərlərində, azad olunmuş torpaqlarda olmuşam. Məqsədim Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq və eyni zamanda İsrail, ABŞ və Azərbaycan münasibətlərini təşviq etməkdir", - deyə jurnalist bildirib.