Dekabr ayının 29-da saat 02:00 radələrində Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazilərində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, sərhədçilərə atəş açılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti 30 dekabr tarixində məlumat verib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıblar.
Hər iki istiqamət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.