Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
Məlumata görə, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb. Yoxlamanın aparılması əmrini mədəniyyət naziri Anar Kərimov imzalayıb.
Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.
Qeyd olunub ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubileyində səsləndirib.
Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50% artırılıb.