Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb. Bu barədə 15 noyabr tarixində Report məlumat verib.
İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə Birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.
Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.