Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılıb.
Bundan başqa, saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.