Kəlbəcər, Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə 25 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Məlumata görə, noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən açılıb.
Bundan başqa, saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, - məlumatda qeyd olunub.