top
Sağlam qida, yoxsa imkanlılar üçün yeni trend?
05 noyabr 2024, 04:55
- +

Sağlam qida, yoxsa imkanlılar üçün yeni trend?

Orqanik məhsullar bazarı və ticarəti iqtisadiyyatın yeni, ancaq dinamik inkişaf edən istiqamətlərindən biridir. Dünya üzrə bu növ qida və kənd təsərrüfatı məhusllarının istifadəçilərinin sayında olduğu kimi, istehsalçılarının siyahısında da sürətli artım müşahidə edilir. Bir sıra mənbələrə görə, tələbat səviyyəsi getdikcə təklif imkanlarını ötəcək. Bu halda bazarda yaranan ehtiyac və qıtlığın nəyin hesabına kompensasiya ediləcəyi sektoru düşündürən ən aktual problemlərdən biridir.

Qlobal orqanik bazar

Orqanik qida və içki məhsulları bazarına dair 2024-cü ilin hesabatına əsasən, kənd təsərrüfatının bu sahəsinin ümumi dövriyyəsi 174,37 milyard avro təşkil edib. Sektor ekspertlərinə görə, 2029-cu ildə bu göstərici 233,56 milyarda çatacaq. Yaxın 5 ildə bazarın artım tempinin statistikası illik 6,02 faiz təşkil edəcək. Orqanik məhsulların istehsalı və satışı olduqca dinamik inkişaf edən sahədir. 1999-cu ildən 2022-ci ilədək bazar 10 dəfədən çox genişlənməyə məruz qalıb (13,1 milyarddan 134,8 milyard avroyadək).

ABŞ 60 milyard avroluq göstərici ilə bu bazarın dünya üzrə lideridir. Bu ölkənin payına ümumi dövriyyənin təqribən 45 faizi düşür. İkinci yerdə 16-17 milyard avro və ya 12-13 faizlik göstərici ilə Almaniya qərarlaşıb, üçüncülüyü isə 13-15 milyard və təqribən 10 faizlik payla böyük Çin bazarı qapadır. İl ərzində orqanik qida məhsullarına ən çox İsveçrədə pul xərclənir. Hər bir isveçrəlinin payına aşağı-yuxarı 450 avroluq orqanik qida düşür. Ümumi qida məhsulları tələbatı bazarında orqanik məhsulların payına görə isə Danimarka 12 faizlik göstərici ilə dünya lideridir.

Azərbaycanın bu statistikada hansı nəticə ilə neçənci yerdə qərarlaşması barədə danışmaq təbii ki, tezdir. Bununla belə, bizdə də bu məhsulların satışını təklif edən ticarət nöqtələri payızda göbələk bitən kimi artım nümayiş etdirir. Di gəl ki, bizdə orqanik məhsul anlayışına nisbətən fərqli yanaşılır və başa düşülür. Çox güman ki, maarifləndirmənin az olması buna yol açır. Bu barədə bir qədər sonra. Hələlik isə keçək orqanik məhsul deyiləndə nə başa düşülməlidir.

Əsl orqanik məhsul necə olmalıdır?

Orqanik kənd təsərrüfatı tamamilə fərqli məhsul istehsalı sistemi deməkdir. Bu sistemin başlıca hədəfi özündə biofərqliliyi, bioloji dövriyyəliyi və bioloji aktivliyi əks etdirən aqrosistemin bərpası, mühafizəsi və torpağın sağlamlığına nail olunmasıdır. Əsas prinsip budur: təbii cəhətdən təmiz resurslardan istifadə, kimyəvi pestitsidlərdən və sintetik gübrələrdən imtina. Sadə dildə desək, istifadə etdiyimiz qida məhsulu o vaxt tam orqanik sayılır ki, heç bir kimyəvi təsirə məruz qalmayan torpaqda təbii yollarla becərilib, biçilib, ekoloji üsullarla istehsala məruz qaldıqdan sonra süfrəmizdə peyda olub.

2022-ci ildə dünya üzrə bu tələblərə cavab verən və sertifikatlaşdırılan torpaqların ümumi sahəsi 126 milyon hektara bərabər olub. Liderlik Hindistandadır. Burada həm torpaq çoxdur, həm də ucuz işçi qüvvəsi boldur. Dünyada 5 milyona yaxın orqanik məhsul istehsalçısı var və onların tən yarısı Hindistanda qeydiyyatdan keçib, fəaliyyət göstərir. Bununla yanaşı, vəhşi bitkilərdən əldə edilən məhsullar da var ki, dünya üzrə bu sektorun ümumi sahəsi təqribən 35 milyon hektardır və onun 9 milyon hektardan çox hissəsi Finlandiyanın payına düşür. Daha anlaşılan şəkildə izah etsək, söhbət vəhşi meşələrdə bitən aqromədəniyyət nümunələrindən gedir.

Azərbaycanda ekoloji təmiz metodlarla kultivasiya olunan torpaqların sahəsinə dair dəqiq məlumat olmasa da, yəgin ki, hökumətin iqtisadiyyatı bərpa olunan enerji, yaşıl aqrar sektor və ekoloji cəhətdən təmiz vasitələr relsinə keçirmək siyasəti bu məqama öz təsirini göstərəcək. Əgər kənd təsərrüfatı sahəsində ekoloji cəhətdən təmiz enerji mənbələrindən yararlanırıqsa, niyə bu siyasətə bütöv istehsalda riayət etməyək?

Sağlamlığın keşiyində, yoxsa pullular üçün qida?

Dünyada orqanik qida məshulları istifadə edənlərin sayı son 15 ildə rekord artım nümayiş etdirir. Hazırda təqribən 700-750 milyon nəfər sırf bu seqment kənd təsərrüfatı məhsullarının alıcısıdır. Bu statistikaya qitələr formatında baxsaq, belə bir xərclər mənzərəsi ilə rastlaşarıq: Şimali Amerika 65 milyard avro, Avropa 53 milyard avro, Asiya 15 milyard avro. Kasıb və yoxsul Afrika qitəsində ümumən qida problemi olduğundan “orqanik qida” anlayışı barədə düşünməyin yeri yoxdur. Hərçənd istehsalçılar arasında Afrika şirkətləri də yox deyil.

Bu göstəricilər orqanik məhsulların məhz Şimali Amerika və Avropada yeyildiyinə dəlalət edir? Yaxud, bələ bu növ məhsul Afrika və Asiyada yaşayanların dad reseptorlarına uyğun deyil? Çox güman ki, yox. Söhbət ilk növbədə orqanik məhsulun başa gəlmə maliyyəti və satış məntəqələrindəki qiymətindən gedir. İmkanlı və kasıb əhali kontingentinin qida anlayışına yanaşması ilk növbədə maddi imkan, yəni cib amilindən asılıdır. Sosial durum yüksəldikcə, sağlam qida haqqında düşünməyə və həyəcanlanmağa da həvəs artır. Bu baxımdan, istehlak coğrafiyasında sosial cəhətdən təmin edilmiş və rifah halı yüksək olan Şimali Amerika və Avropa dövlətlərinin olması təsadüfi və qeyri-adi görünməməlidir.

Azərbaycanın spesifik bazarı

Azərbaycanda hər bir bəşəri trendə münasibətdə olduğu kimi, orqanik məhsullar anlayışına da özünəməxsus yanaşma hakimdir. Bizdə ilk növbədə orqanik məhsulların məhz hansı məhsul olması, necə ərsəyə gəlməsinə dair məlumatsızlıq mühiti hökm sürür. Çoxumuz hələ də orqanik məhsula “halal” məhsulun ekvivalenti kimi baxırıq. Digər tərəfdən, biz kənd yerindən gətirilib məxsusi ticarət məntəqələrində satılan meyvə-tərəvəzin orqanik olduğunu düşünürük. Hərçənd kənd təsərrüfatı məhsulu elə kənddə ərsəyə gəldiyindən bu təmayüllü ticarət yerlərində satışa çıxarılan məhsulun bazarlarda satılandan nə fərqi olduğu sualı açıq olaraq qalır. Bu məhsul kimyəvi gübrələr və pestitsiddən azad torpaqlarda becərilib, ya yox? Əsas düşünüləsi məqam budur.

Belə dükanlarda satışa çıxarılan ət və ya süd məhsullarının hazırlanması ola bilsin ki, tər-təmiz şəraitdə icra olunub, ancaq xammal ekoloji cəhətdən pak mənbələr hesabına başa gəlibmi? Məsələn, heyvanlara orqanik yem verilməlidir, heyvan xəstəliklərinin qarşısını almaq üçün onların saxlandığı yerləri təmiz olmalıdır, sağlam bəslənməni təmin etmək kimi təbii üsullardan istifadə olunmalıdır, heyvanlar açıq havaya çıxarılmalıdır və s. Yaxud, heyvanlara daha sürətli böyümək üçün süni zənginləşdirilmiş yem verilib, ya yox? Heyvan xəstəliklərinin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə olunubmu?

Yeri gəlmişkən, Azərbaycanda bu bazar bir sıra qanunlarla tənzimlənir. “Ekoloji təmiz kənd təsərrüfatı haqqına”, “Qida təhlükəsizliyi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunları qeyd edə bilərik. Bununla belə, sektor böyüdüyündən standartlaşma və hüquqi tənzimləmə kimi məsələlərə ciddi nəzarətin olması üçün kompleks mexanizmlərin işlənib hazırlanmasına ehtiyac var. Nəticə etibarilə, hər kənddən gətirilib “eksklüziv” mal kimi satılan məhsul orqanik deyil. Ondan bazarda daha ucuz qiymətə, heç bir minnət qoyulmadan ala bilərsiniz. Məhsulun və ya ərzağın ideal təmizlikdə, pak şəraitdə hazırlanması da hələ onun orqanik olması demək deyil. Günaha batmadan, dinimizin buyurduğu tələblər çərçivəsində istehsal olunan məhsul da o cümlədən. Meyvə-tərəvəz alırsınızsa, əsas məsələ onun becərilərkən gübrələnib-gübrələnməməsi, torpağın kimyəvi pestitsidlərin təsirinə məruz qalıb-qalmamasıdır. Heyvani mənbəli məhsuldan, məsələn, yağdan, ətdən və ya südddən söhbət gedirsə, onda da əsas tələb heyvanın saxlanma şəraiti və yediyi yemin ekoloji tərkibidir. Ən əsas məsələ isə qiyməti adi məhsullara nisbətən daha baha olan orqanikanın alınması üçün tələb olunan pulun miqdarıdır. Çalışın pulunuz çox olsun, qalanı düzələr!

Rüstəm Qaraxanlı

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
Dünən, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
Dünən, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
Dünən, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
Dünən, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
Dünən, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
Dünən, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
Dünən, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
Dünən, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
Dünən, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Dünən, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Dünən, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Bütün Xəbərlər
Dünən, 09:16

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:02

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün Xəbərlər
Dünən, 08:47

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Bütün Xəbərlər
30 iyul 2026, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
30 iyul 2026, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
30 iyul 2026, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
30 iyul 2026, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Oxşar xəbərlər