İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Şəki, Ağstafa, Tovuz rayonlarında şəhid ailələri və müharibə əlillərinə 50 mənzil və fərdi ev təqdim olunub. Bu haqda məlumatı Azertac bu gün, 23 dekabr tarixində verir.
İmişlidə 14 şəhid ailəsindən 11 ailə mənzil, 3 ailə isə fərdi evlə təmin edilib. Təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlar tərəfindən mənzil və fərdi evlərin təqdim olunması tədbirində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.
Bildirilib ki, bu gün təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4150, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
Sonda evlərin sənədləri və açarlar ailələrə təqdim olunub, mənzillərdə yaradılan şəraitə baxış keçirilib.