Vasif Talıbovun şirkətinə valyuta qaydalarını pozduğu üçün 8 protokol tərtib edilib. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 5 yanvar tarixində xəbər verir.
Şirkət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələnib.
Valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” MMC barəsində 8 protokol tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi üzrə təqsirli bilinir.
Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Protokollar baxılması üçün aidiyyəti üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilib.
“Gəmiqaya şirkəti” MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya” Holdinqinin prezidenti olub.