“TikTok” rəsmiləri yenidən Bakıya gəliblər. Bu barədə İKT üzrə ekspert Osman Gündüz feysbuk səhifəsində bildirib.
Onun sözlərinə görə, bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir: ““TikTok”un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib. “TikTok” rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdiyi görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə edib.
“Belə anladım ki, “TikTok” rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər”, - deyə ekspert qeyd edib.
Gündüz xatırladıb ki, hazırda regionda yalnız Rusiya və Qazaxıstanda “TikTok”un rəsmi ofisləri fəaliyyət göstərir.