Ukraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Bu haqda dekabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Həmin uşaq və gənclər Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcəklər. Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Reabilitasiya müddətində fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.