Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur. Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Şuşa şəhərinə qar yağmasına baxmayaraq, aksiya ötən gecə boyu da davam edib.
Həmişə olduğu kimi, aksiya iştirakçıları bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Xatırladaq ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 43 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.