Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq iyirmi iki gündür davam edir. Bu barədə 2 yanvar tarixində Report məlumat verib.
Etirazçılar həmişəki kimi, bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin etiraz aksiyası Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Aksiya dekabrın 12-dən başlayıb.