Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on üç gündür davam edir. Bu barədə 24 dekabr tarixində Report məlumat verib.
Ekofəallar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.
Belə ki, fəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Qeyd edək ki, aksiya dekabrın 12-də başlayıb.