Laçın şəhəri fasiləsiz dayanıqlı elektrik enerjisi ilə təmin olunur. İnsanoid bu barədə 30 iyun tarixində “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Laçının mərkəzində yerləşən evlərə, dövlət əhəmiyyətli obyektlərə yeni yeraltı 0,4 kv-luq xətlər çəkilib. Həmçinin Laçın rayonu ərazisində olan bütün 35 və 0,4 kv-luq xətlər də yeraltı xətlərlə əvəz olunur.
Bildirilir ki, mərkəzlə yanaşı, ən ucqar kəndlərdə də elektrik şəbəkəsi tamamilə yenilənir. Hazırda Minkənd, "6-cı rayon" adlanan ərazi və Ağbulaq istiqamətində 40 km uzunluğunda yeni elektrik xəttinin çəkilişi işləri aparılır. Şəlvə dərəsi və Kilsəlidağ istiqamətində xətlər çəkilib.
110/35/10 kv-luq Laçın Yarımstansiyasından 35 kv-luq yeraltı dairəvi xətt çəkilir ki, bunun sayəsində Laçının istənilən ərazisinə elektrik enerjisi vermək mümkün olacaq.
Həmçinin Laçınla Kəlbəcər rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxeminin yaradılması üzrə işlər görülür.