Xudavəng monastırının ilkin tikililəri təxminən V-VI əsrlərə aid edilir. Monastır erkən xristianlıq dövründə bölgənin mühüm dini mərkəzlərindən biri olub. Kompleksdə həmin dövrə aid qədim məbədin qalıqları da qorunub saxlanılıb. Albaniya dövlətinin mövcudluğuna son qoyulduqdan sonra da bölgənin xristianlıq ənənələri davam edib. Xüsusilə Xaçın məlikliyinin hakimiyyəti dövründə Xudavəng dəfələrlə təmir olunub. Monastırın ərazisində Xaçın məlikliyinin hökmdarlarına və onların ailə üzvlərinə aid çoxsaylı qəbir abidələri və kitabələr mövcuddur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova söyləyib. O bildirib ki, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırı alban irsinin mühüm nümunələrindəndir.
"Monastırın ərazisində Xaçın məlikliyinin yüksəliş dövrünü əks etdirən mühüm tarixi izlər var. Burada sülalənin ailə üzvləri dəfn olunub və müxtəlif kitabələr qorunub saxlanılıb. Təəssüf ki, abidə işğal dövründə müdaxilələrə məruz qalıb, ilkin formasına uyğun olmayan əlavə rekonstruksiyalar aparılıb", – deyə alim bildirib.
Müsahibimiz qeyd edib ki, Gəncəsər yalnız dini abidə deyil, eyni zamanda, mühüm mədəni, elmi və müəyyən dövrlərdə siyasi funksiyaları yerinə yetirən mərkəz olub. Monastır XIII-XIX əsrlər ərzində alban xristianlığının əsas mərkəzlərindən biri kimi fəaliyyət göstərib.
"Gəncəsər monastırında müxtəlif dövrlərə aid kitabələr mövcuddur. Onlar abidənin tarixinin öyrənilməsi baxımından mühüm mənbələrdir. Kitabələrdə məbədin Xaçın məlikləri, xüsusilə Həsən Cəlalın sülaləsi ilə bağlılığına dair məlumatlar öz əksini tapıb. Həsən Cəlal sülaləsinin üzvləri ilə yanaşı, XIX əsrə qədər fəaliyyət göstərmiş alban din xadimlərinin də burada dəfn olunduğu məlumdur", - deyə alim bildirib. O diqqətə çatdırıb ki, işğal dövründə kitabələrin bir hissəsi məhv edilib, silinib və bəzi yerlərdə yeni yazılar həkk olunub.
"Albaniya dövlətinin mövcudluğuna son qoyulduqdan sonra da bölgədə xristianlıq ənənələri uzun əsrlər davam edib. Alban məliklikləri, xüsusilə Laçın məlikliyi bu irsin yaşadılmasında mühüm rol oynayıb. Kəlbəcər rayonundakı Arzu Xatun kilsəsi və digər kilsə-monastır kompleksləri həmin tarixi irsin yadigarları hesab oluna bilər", – deyə alim vurğulayıb.
AMEA-nın elmi katibi qeyd edib ki, Alban Apostol Kilsəsi Katolikosluğunun iqamətgahının 1240-cı ildə Gədəbəy rayonu ərazisində yerləşən Həmşivəng monastırından Gəncəsərə köçürülməsindən sonra Qarabağ uzun əsrlər ərzində alban xristianlığının əsas mərkəzlərindən birinə çevrilib. 1836-cı ildə Rusiya Müqəddəs Sinodunun qərarı ilə Alban Katolikosluğunun fəaliyyətinə son qoyulana qədər Gəncəsər dini fəaliyyətlə yanaşı, elm, mədəniyyət və təhsil mərkəzi kimi də mühüm rol oynayıb.
E.Bəkirova vurğulayıb ki, Albaniya dövlətinin mövcudluğuna son qoyulmasından sonrakı dövrdə də alban xristianlığının əsas mərkəzlərindən biri Qarabağ və Şərqi Zəngəzur əraziləri olub və bu ərazilərdəki xristian abidələrinin tarixi-mədəni irs baxımından varisi Azərbaycan xalqıdır. Alim, həmçinin indiki Ermənistanın şərq ərazilərində də alban irsinə aid abidələr olduğunu bildirib. Onun sözlərinə görə, həmin abidələrin bir qismi sonrakı dövrlərdə saxtalaşdırmaya məruz qalıb.
Alim qeyd edib ki, alban irsinin qorunması, öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə düzgün təqdim olunması Azərbaycan tarixinin və maddi-mədəni irsinin tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.