Azərbaycanda istehsal olunan siqaretlər Gürcüstana ixrac ediləcək. Bu barədə Report 7 iyul tarixində xəbər verib.
Strateji tərəfdaşlıq çərçivəsində "Japan Tobacco International" şirkətinə məxsus Gürcüstanda satılan "Sobranie", "Winston" və "Camel" kimi dünyaca məşhur brendlər "Tabaterra Azərbaycan”da istehsal ediləcək.
Azərbaycana məxsus "Tabaterra" QSC istehsal etdiyi məhsulların keyfiyyət parametrlərinə görə JTİ şirkəti ilə müqavilə və lisenziya əsasında əməkdaşlıq edən beynəlxalq fabriklər arasında daim lider mövqe tutur. Bu nailiyyət "Tabaterra"nın davamlı olaraq, yüksək keyfiyyət və istehsal standartlarına sadiqliyinin göstəricisidir.
Şirkətlər haqqında:
“Tabaterra” 17 noyabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib və öz məhsulları ilə yanaşı, "Japan Tobacco International", "British American Tobacco" və "Imperial Tobacco Group" kimi şirkətlərin lisenziyası əsasında müxtəlif adda beynəlxalq tütün məmulatları istehsal edir.
JTİ 130-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq tütün və vapinq şirkətidir. Şirkət tütün məmulatlarının geniş çeşidinin istehsalı və marketinqinə fokuslanıb. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. JTİ "Sobranie", "Winston", "Camel", LD, "Logic" və "Ploom" kimi məşhur brendlərin sahibidir.