Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") gəlirlərinin 90%-i xarici bazarlardan formalaşıb. Bunu "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Bu barədə 11 may tarixində Report məlumat verib.
“Bütün diqqəti xarici bazarlara yönəltmişik. 2013-cü ildən bu günə "Azərkosmos" 515 milyon manat gəlir əldə edib. Bunun 90%-i xarici bazarlardan olub. Yəni biz dollar və avro ilə gəlir əldə edirik və ölkəmizə valyuta axınına dəstək veririk", - Saməddin Əsədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 42 ölkədə 182 müştərisi var: "Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindədir. Peyk tutumlarımızın 80%-dən xidmət göstərilir. Bu faiz dəyişkəndir. Bəzən 90%-ə qalxır. Amma ümumi sənayedə utilizasiya faizi 80%- ə yaxındır".